Qidalanma
Yeni il gecəsi zəhərlənmə hallarında görülməli tədbirlər -
Qidalanma
26

Yeni il gecəsi zəhərlənmə hallarında görülməli tədbirlər - Qastroenteroloq izah etdi

qastroenteroloqu Anna Menşçikova bildirib ki, Yeni il gecəsi spirtli içki və qida zəhərlənməsi bayramı ciddi şəkildə poza və sağlamlıq üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qusma və ishal nəticəsində yaranan maye və duz itkisi istənilən zəhərlənmənin əsas təhlükəsidir. Əgər intoksikasiya əlamətləri yüngül və ya orta səviyyədədirsə, əsas məqsəd itirilmiş mayenin bərpasıdır. Qusma və ya ishal yalnız bir dəfə baş veribsə və susuzlaşma əlamətləri yoxdursa, daha çox adi su, eləcə də çox şirin olmayan içkilər — məsələn, durulaşdırılmış şirə və ya kompot içmək kifayətdir.

Menşçikova qeyd edib ki, qusma və ya ishal davam edərsə, müalicə yanaşması dəyişməlidir. Bu halda apteklərdə satılan, tərkibində duz və qlükozanın optimal balansı olan oral rehidratasiya məhlullarından istifadə olunmalıdır. Məhlul hər 5–15 dəqiqədən bir bir çay qaşığı ilə qəbul edilməlidir.

Həkim əlavə edib ki, qusma dayandıqdan və iştaha bərpa olunduqdan sonra adi qidalanmaya qayıtmaq olar. Lakin fast food, qızardılmış, yağlı yeməklər və kartof fri kimi qidalar müvəqqəti olaraq rasiondan çıxarılmalıdır, çünki onlar qusmanı yenidən gücləndirə bilər.

Alkoqol zəhərlənməsi zamanı, əgər şəxs huşundadırsa və qusursa, ona təhlükəsiz vəziyyət almaqda kömək etmək vacibdir — oturaq vəziyyət və ya yan üstə uzanmaq tövsiyə olunur. Eyni zamanda təmiz havaya çıxış təmin edilməlidir. Nəfəsin yavaşlaması və ya fasiləli olması, soyuq tər, yapışqan, solğun və ya göyümtül dəri, eləcə də qıcolmalar ağır alkoqol intoksikasiyasının təhlükəli əlamətləridir və belə hallarda dərhal təcili yardım çağırılmalıdır.

Bir yaşdan kiçik uşaqlar, yaşlılar, hamilə qadınlar və ağır xroniki xəstəlikləri olan şəxslər zəhərləndikdə, həmçinin botulizm və ya göbələk zəhərlənməsindən şübhə olduqda da vaxt itirmədən təcili tibbi yardım çağırılması vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun