Çox insan səhər içmək üçün gecədən bir stəkan qaynadılmış suyu başucunda saxlayır. Lakin mütəxəssislər bildirir ki, saatlarca açıq şəkildə saxlanmış bu su həmişə təhlükəsiz olmaya bilər.
E-saglam.az xəbər verir ki, qaynatma prosesi suyun içindəki bakteriya və parazitləri öldürür. Lakin əsil risk qaynadıldıqdan sonra yaranır; öldürülən mikroorqanizmlər suda organik qalıqlara çevrilir və bu qalıqlar havadan və ətrafdan gələn bakteriyalar üçün uyğun mühit yaradaraq onların sürətlə çoxalmasına səbəb ola bilər. Xüsusilə qabı açıq saxlanmış su yenidən çirklənmə riskini artırır.
Qaynadılıb soyudulmuş su bir neçə saat açıq qaldıqda, havada və ətraf səthlərdə olan mikroorqanizmlər suya qarışa bilər. Mütəxəssislər gecə boyunca saxlanmış suyun təzə olmadığını və içilməsinin tövsiyə edilmədiyini bildirirlər.
Filtrələnmiş su da eyni təhlükəni daşıyır
Filtrdən keçirilmiş su da açıq bir qabda saatlarla saxlanarsa təhlükəli ola bilər. Bundan başqa, filtrin vaxtında dəyişdirilməməsi suyun keyfiyyətinin daha tez pozulmasına səbəb ola bilər.
Dadın dəyişməsi nə deməkdir?
Bəzi insanlar saxlanmış suyun dadının dəyişdiyini hiss edir. Bu adətən suyun havadan karbon dioksit alması ilə bağlıdır. Bu özlüyündə ciddi sağlamlıq riski yaratmasa da, suyun uzun müddət açıq qaldığının göstəricisidir.
Qaynadılmış su necə saxlanmalıdır?
Mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər.
Su bir gün ərzində içilməlidir.
Gecə boyunca açıqda saxlanmamalıdır.
Köhnə suya təzə su əlavə edilməməlidir.
Su təmiz, əsasən də şüşə qabda və qapaqlı halda saxlanmalıdır.
Tərcümə: Könül Oruc