Payız və qış aylarında günəş çatışmazlığını kompensasiya etməyə çalışan bir çox insan aktiv şəkildə D vitamini qəbul etməyə başlayır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu vitaminin artıqlığı onun çatışmazlığından daha təhlükəli ola bilər.
E-saglam.az xəbər verir ki, pediatr Elena Aleksentseva açıqlamasında hipervitaminozun real risklər yaratdığını bildirib. Onun sözlərinə görə, laboratoriya nəticələri narahatedicidir: 2022-ci ildə xəstələrin cəmi 0,03%-də artıq D vitamini aşkarlanmışdısa, 2024-cü ildə bu rəqəm 0,12%-ə yüksəlib. Artımın əsas səbəbi yüksək dozalı pəhriz əlavələrinin nəzarətsiz qəbulu ilə bağlıdır.
Həkim qeyd edir ki, D vitamininin təbii yolla – günəş şüası və ya qida vasitəsilə – təhlükəli səviyyəyə çatdırılması demək olar ki, mümkün deyil. Lakin yüksək dozalı əlavələrin düzgün olmayan istifadəsi bədəndə zəhərli səviyyəyə qədər yığılmasına səbəb ola bilər.
Hipervitaminoz D (150 ng/ml və yuxarı) ciddi fəsadlar yaradır. Onun əsas təhlükələri kalsium mübadiləsinin pozulması ilə əlaqəlidir:
- qan damarları və toxumalarda kalsifikasiya, aterosklerotik lövhələrin yaranması;
- ürək və böyrək zədələnməsi;
- ürəkbulanma, zəiflik və başgicəllənmə ilə müşahidə olunan hiperkalsemiya;
- böyrək daşlarının yaranma riski.
Aleksentseva vurğulayır ki, D vitamini yalnız həkim təyinatı və qan analizi əsasında qəbul edilməlidir. Xüsusilə yüksək dozaların özbaşına istifadəsi xroniki intoksikasiyaya və ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Tərcümə: Könül Oruc