TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr aylarında müraciətlərin sayı artıb. Bu dövrdə 21 milyon 41 min 253 müraciət qeydə alınıb, 77 milyon 404 min 977 tibbi xidmət göstərilib, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub.
E-saglam.az xəbər verir ki, bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, xidmətlərin əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir: "İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb. Sənəd 7 strateji istiqamət və 36 tədbiri əhatə edir".
Z. Ədilova qeyd edib ki, layihənin pilot mərhələsi Bərdə rayonunda icra olunur və əsas məqsəd güclü ilkin tibbi-sanitariya yardımının qurulması, profilaktik və sağlamlaşdırıcı tədbirlərin genişləndirilməsi, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkar edilməsi və həll olunmasıdır.
Departament rəhbəri əlavə edib ki, regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı da diqqət mərkəzindədir: "2028-ci ilə qədər 44 əsas zəruri cərrahi prosedur, 2030-cu ilə qədər isə regional səviyyədə 90 prosedur üzrə xidmətin əlçatanlığı təmin olunacaq. Bundan əlavə, yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlər, o cümlədən neyrocərrahiyyə, ürək və protezləmə xidmətləri də 2030-cu ildən etibarən TƏB mərkəzlərində tətbiq olunacaq".