Əhalinin dərman təminatını yaxşılaşdırmaq və tibbi sığorta sisteminin maliyyə dayanıqlığını artırmaq məqsədilə Nazirlər Kabineti tərəfindən yeni qaydalar təsdiq edilib.
E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlim zamanı deyib.
O bildirib ki, bura dərmanların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması üçün meyarlar aiddir: "Verilən qərarlar həm sistemin idarə olunmasını, həm də vətəndaşların dərmanlara çıxış imkanlarını daha da yaxşılaşdırır" .
A. Əhmədovanın sözlərinə görə, dərman təminatı ilə bağlı ən vacib yeniliklərdən biri də “Pozitiv siyahı”nın formalaşdırılmasıdır: "Qeyd edək ki, pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və bu siyahının ilkin mərhələsi hazırlanır. Bildirək ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri rəsmi saytımızda dərc olunacaq.
Məlumat üçün qeyd edim ki, ilk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini salmaq üçün dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur".
Departament rəhbəri onu da bildirib ki, dərmanların siyahıya daxil edilməsi üçün lazım olan meyarlar da təsdiqlənib: "Bunun üçün dərman dövlət reyestrində qeydiyyatdan keçmiş olmalıdır, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməlidir, qiyməti dövlət tərəfindən tənzimlənmiş olmalıdır və ən önəmlisi sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır.
Dərmanların təyinatı üçün əsas mexanizm olaraq elektron resept sistemi müəyyən edilib. Elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər artıq aparılır".
O, son olaraq qeyd edib ki, sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə veriləcək: "Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər".