Tibbi xəbərlər
Kimyəvi zəhərlənmələrdə bu yanlışlar
Tibbi xəbərlər
183

Kimyəvi zəhərlənmələrdə bu yanlışlar ölümlə nəticələnə bilər

Kimyəvi zəhərlənmələrdə geniş yayılmış yanlış inanclar ölüm riskini artırır. Mütəxəssislər bildirirlər ki, xüsusilə ev şəraitində edilən səhv müdaxilələr zəhərlənmənin gedişini daha da ağırlaşdırır və xəstənin vəziyyətini kritik hala gətirə bilər.

E-saglam.az-ın məlumatına görə, Zonguldak Bülent Ecevit Universitetinin Anesteziologiya və Reanimasiya şöbəsinin müəllimi professor Özcan Pişkin dünyada kimyəvi zəhərlənmələrin artdığını deyir. Onun sözlərinə görə, sənayeləşmə, qlobal istiləşmə və kimyəvi maddələrdən nəzarətsiz istifadə bu dinamikanı daha da sürətləndirir.

Evlərdə ən çox rast gəlinən zəhərlənmələr ağardıcının xlorid turşusu və ya sirkə ilə qarışdırılmasından yaranır. Bu qarışıqlar güclü toksik qazlar ayırır və nəfəs yollarını ciddi şəkildə zədələyir. Digər çox yayılmış hallar isə kimyəvi maddələrin yanlış qabda saxlanılması, təsadüfən udulması və dəridəki yara vasitəsilə bədənə keçməsidir.

Professor Pişkin deyir ki, reanimasiyaya düşən kimyəvi zəhərlənmə xəstələrində ölüm nisbəti hələ də yüksəkdir. Buna görə də əsas müdaxilə zəhərlənmə baş verməzdən əvvəl evdə görülən təhlükəsizlik tədbirləridir. O, etiketləri oxumadan həddindən artıq miqdarda kimyəvi istifadə etməyin təhlükəli olduğunu və bunun zəhərlənmələrin ən çox səbəblərindən biri olduğunu vurğulayır.

Mütəxəssis ilk yardımda yayılan yanlış inanclara da diqqət çəkir. Ən təhlükəli səhvlərdən biri qurbanı qusdurmağa çalışmaqdır. Bu halda kimyəvi maddə qida borusunda və mədədə yırtıqlara səbəb ola bilər. Kimyəvi içildiyi zaman qatıq və ya süd vermək də vəziyyəti ağırlaşdıra bilər.

Pişkin bildirir ki, nəfəs yolu ilə zəhərlənmə baş veribsə, insanı dərhal təmiz havaya çıxarmaq, paltarların sıx olan hissələrini boşaltmaq və tibbi personal gələnədək panikaya düşmədən gözləmək lazımdır. Kimyəvi maddə dəridə və ya gözlərdədirsə, həmin sahənin 10–15 dəqiqə duru su ilə yuyulması ən doğru addımdır.

Mütəxəssis xəbərdarlıq edir: kimyəvi zəhərlənmələrdə düzgün olmayan hərəkət həkimin edə biləcəyi müdaxilədən belə daha çox ziyan verə bilər. Buna görə evdə, bağçada və ya təmizlik zamanı təhlükəsizlik qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun