Tibbi xəbərlər
Türkiyədə həkimlərin sosial media paylaşımlarına
Tibbi xəbərlər
82

Türkiyədə həkimlərin sosial media paylaşımlarına sərt qadağalar tətbiq olundu

Türkiyənin Səhiyyə Nazirliyi həkimlər və tibb müəssisələrinin sosial media fəaliyyətinə yeni qaydalar tətbiq edib.

E-saglam.az xəbər verir ki, qaydalara əsasən, səhiyyə sahəsində gizli və ya açıq reklam tamamilə qadağan edilir və pozuntu hallarında həkimlər barəsində cinayət işi açılması mümkündür.

Yeni “Səhiyyə Xidmətlərində Təşviq və Məlumatlandırma Qaydaları”na görə, həkimlər yalnız öz ixtisas sahələri çərçivəsində məlumat verə biləcəklər. Hər hansı digər ixtisas üzrə xəstə qəbul etdikləri təəssüratı yaratmaq, həmçinin mübahisəli və tibbi cəhətdən təsdiqlənməmiş müalicə metodlarını təbliğ etmək qadağandır.

Nazirlik bildirir ki, xəstələrin minnətdarlıq ifadələrindən istifadə etməklə aparılan reklamlar, sosial şəbəkələrdə təşviq xarakterli videolar və ya paylaşımlar da məhdudlaşdırılır. Heç bir həkim və ya klinika xəstəni müəyyən bir mütəxəssisə yönləndirən məzmun yayımlaya bilməz.

Ən sərt məhdudiyyətlərdən biri xəstə məxfiliyinə aiddir. Xəstənin şəkli, səsi, məlumatı və müalicə nəticəsi icazəsiz paylaşılarsa, məsuliyyət həm həkim, həm də tibb müəssisəsi üçün nəzərdə tutulur. Xəstə razılığı olmadan sosial mediada istənilən görüntü paylaşımı qadağandır.

Bundan başqa, sponsorluq müqavilələri vasitəsilə özünü təbliğ edən həkimlər də cəzalandırılacaq. Qaydanı pozanlara qarşı həm inzibati, həm də hüquqi tədbirlər görüləcək.

Səhiyyə Nazirliyi bildirir ki, məqsəd tibbi məlumatın dezinformasiyasının qarşısını almaq və xəstə məxfiliyini ən yüksək səviyyədə qorumaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun