Bağırsaqlardakı faydalı bakteriyaların qorunması sağlamlığın əsas açarlarından biri sayılır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tarazlıq pozulduqda immunitet zəifləyir, həzm sistemi yüklənir və bir çox xəstəlik riski artır.
E-saglam.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Harika Özkaya Yurttadur bağırsaq mikrobiotasının necə işlədiyini və onu necə qorumağın vacib yollarını izah edib.
Bağırsaqlarda yaşayan bakteriya, göbələk və virusların yaratdığı ekosistemə “mikrobiota” deyilir. Onların ümumi çəkisi təxminən 2 kiloqramdır və burada zərərli bakteriyaların çoxalması, faydalıların isə azalması ciddi sağlamlıq problemlərinə yol açır. Mütəxəssis vurğulayır ki, genetik amillər, Qərb tərzi qidalanma, oturaq həyat, siqaret və spirt istifadəsi bu tarazlığı zədələyən əsas səbəblərdir.
Mikrobiota orqanizmdə bir çox həyati funksiyaları yerinə yetirir. Karbohidratların həzmini, qan şəkərinin tənzimlənməsini, öd turşusunun balansını, vitamin sintezini, bağırsaq baryerinin qorunmasını və immunitetin güclənməsini təmin edir. Bu səbəbdən bağırsaq tarazlığını qorumaq həm həzmi, həm də ümumi sağlamlığı yaxşılaşdırır.
Mütəxəssis bağırsaqların sağlam qalması üçün bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir. Birincisi, kifayət qədər lif qəbul etmək lazımdır. Lif nəcisi yumşaldır, həzmi yüngülləşdirir və bağırsaqların müntəzəm işləməsinə kömək edir. Bundan başqa, gün ərzində 8–10 stəkan su içmək lifin təsirini artırır və qəbizlik riskini azaldır.
Hərəkət də bağırsaq sağlamlığı üçün önəmlidir. Gündəlik 30 dəqiqəlik gəzinti bağırsaq ritmini gücləndirir. Mütəmadi qidalanma isə mədəni yormadan həzm sisteminin ritmini qoruyur. Pəhrizdə probiotiklərə — qatıq, kefir, turşu və digər fermentləşdirilmiş qidalara yer verilməsi faydalı bakteriyaları artırır. Prebiotiklər — sarımsaq, soğan, banan, tam taxıllar və paxlalılar isə bu bakteriyaların qida mənbəyidir.
Mütəxəssis emal olunmuş və qızardılmış qidalardan, qazlı içkilərdən uzaq durmağı məsləhət görür. Bu məhsullar bağırsaq florasını zəiflədir və həzmi pozur. Antibiotiklərin də yalnız məcburi hallarda istifadə olunması tövsiyə edilir, çünki onlar həm zərərli, həm də faydalı bakteriyaları məhv edir.
Bağırsaq mikrobiotasının pozulması qəbizlik, ishal, şişkinlik, qaz, ürəkbulanma, iştahsızlıq və səbəbsiz çəki itkisi ilə özünü göstərir. Uzunmüddətli disbalans yoğun bağırsaq xərçəngi, iltihabi bağırsaq xəstəlikləri, piylənmə və ürək-damar problemlərinə səbəb ola bilər.
Tərcümə: Könül Oruc