Tibbi xəbərlər
Beyninizin nə qədər D vitamininə
Tibbi xəbərlər
104

Beyninizin nə qədər D vitamininə ehtiyacı var?

Qış yaxınlaşdıqca günəşli günlər azalır və bununla birlikdə orqanizmdə D vitamini səviyyəsi də aşağı düşməyə başlayır. Mütəxəssislər xəbərdar edir ki, D vitamini yalnız sümüklər üçün deyil, beynin sağlam qalması, yaddaşın güclü olması və diqqətin toplana bilməsi üçün də həyati əhəmiyyət daşıyır.

E-saglam.az xəbər verir ki, nevroloq professor Derya Uludüzün sözlərinə görə, bu vitamin beynin “cavan qalmasında” xüsusi rol oynayır.

Mütəxəssislər bildirir ki, D vitamininin azalmasının əsas səbəblərindən biri günəşə az çıxmaq və yaş artdıqca dərinin vitamin sintez etmə qabiliyyətinin zəifləməsidir. Çölyak, böyrək və qaraciyər çatışmazlıqları kimi bəzi xəstəliklər də vitaminin mənimsənilməsini zəiflədir. Qidalanmada balıq, yumurta sarısı, qaraciyər və zənginləşdirilmiş süd məhsullarının kifayət qədər qəbul edilməməsi də çatışmazlığa yol açır.

D vitamini səviyyəsini yüksəltməyin ən təbii yolu günəşdir. May–sentyabr ayları arasında üz və qolları 15–20 dəqiqə günəşə məruz qoymaq kifayətdir. Lakin qış aylarında bu mümkün olmadığından, mütəxəssislər balıq, pendir, yumurta kimi D vitamini ilə zəngin qidaların artırılmasını tövsiyə edir. Sağlam bağırsaq sistemi də vitaminin mənimsənilməsi üçün vacibdir.

Laborator analizlərə görə, beyin və nevroloji sağlamlıq üçün ideal D vitamini səviyyəsi 50–70 ng/mL hesab olunur. 30 ng/mL-dən aşağı çatışmazlıq, 20 ng/mL-dən aşağı isə ciddi çatışmazlıq sayılır və mütləq müalicə tələb edir. Aşağı D vitamini beyində duman hissi, diqqət pozğunluğu, yorğunluq, yaddaş zəifliyi, əhval dəyişkənliyi və tez-tez infeksiyalarla özünü göstərə bilər.

Elmi araşdırmalar göstərir ki, uzunmüddətli D vitamini çatışmazlığı idrak zəifləməsi və Alzheimer xəstəliyi riskini artırır. Buna görə də mütəxəssislər ildə ən azı bir dəfə, xüsusən də qış aylarında qan analizi verməyi və ehtiyac olduqda həkim nəzarəti altında vitamin əlavəsi qəbul etməyi tövsiyə edir. D vitamini beyin hüceyrələrinin enerji istehsalını dəstəkləyir, neyronların bir-biri ilə əlaqəsini yaxşılaşdırır və öyrənmə-yaddaş proseslərini gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun