40 yaşından etibarən bədəndə müəyyən risklər artmağa başlayır.
E-saglam.az xəbər verir ki, Fransa Milli Səhiyyə Sığortası, heç bir simptom olmasa belə, hər kəs üçün bu üç əsas qan testini tövsiyə edir.
Sadə bir qan testi sağlamlıq vəziyyətiniz barədə vacib ipucları verə bilər. Mütəxəssislər bildirirlər ki, özünüzü tam sağlam hiss etsəniz belə, 40 yaşdan sonra bəzi əsas qan testlərindən keçmək vacibdir.
“Qarşısının alınması müalicədən daha yaxşıdır” prinsipi məhz bu yaşlarda əsas rol oynayır. Çünki bir çox xroniki xəstəliklər məhz bu dövrdə, çox vaxt simptomsuz şəkildə inkişaf etməyə başlayır. Qan analizləri isə bu xəstəlikləri erkən aşkar etməyin ən asan yoludur.
Səhiyyə orqanları 40 yaşdan yuxarı hər kəsin yoxlamalı olduğu üç əsas göstəricini belə sıralayır:
1. Xolesterol (lipid profili)
Ürək-damar sağlamlığının əsas göstəricisi olan xolesterol siyahının başında gəlir. Lipid profili ümumi xolesterol, HDL (“yaxşı”), LDL (“pis”) xolesterol və triqliseridləri ölçür.
Mütəxəssislər kişilər üçün 40, qadınlar üçün 50 yaşdan (və ya menopozdan) başlayaraq bu testi tövsiyə edir.
Əgər ailədə ürək-damar xəstəliyi, artıq çəki və ya hipertoniya varsa, analiz daha erkən aparılmalıdır.
2. Qan şəkəri (qlükoza)
Bu test gizli inkişaf edən 2-ci tip diabetin riskini müəyyən etmək üçün vacibdir.
45 yaşdan yuxarı və aşağıdakı risk faktorlarına malik şəxslər üçün xüsusilə önəmlidir:
– artıq çəki
– oturaq həyat tərzi
– yüksək təzyiq
– siqaret çəkmə
– yüksək xolesterol
Diabet tez-tez simptomsuz irəlilədiyindən, erkən diaqnoz ağırlaşmaların qarşısını almağa kömək edir.
3. Böyrək funksiyası testi
Bu analiz böyrəklərin vəziyyətini qiymətləndirir. Böyrək xəstəlikləri adətən səssiz keçir və gec mərhələdə üzə çıxır.
Xüsusilə hipertoniya və 2-ci tip diabeti olan insanlar böyrək funksiyalarını mütəmadi olaraq yoxlatmalıdırlar.
Əlavə tövsiyələr
Bu üç testlə kifayətlənmək olmaz. 40 yaşdan sonra qan təzyiqinin mütəmadi ölçülməsi, həmçinin tam qan sayımı, tiroid hormonları, D və B12 vitaminlərinin səviyyəsinin yoxlanması da tövsiyə olunur.
Hər kəsin sağlamlıq vəziyyəti fərqlidir. Buna görə də ildə ən azı bir dəfə həkimə müraciət edib, fərdi olaraq hansı profilaktik analizlərin lazım olduğunu öyrənmək ən doğru addımdır.
Tərcümə: Könül Oruc