Çinli həkimlər tərəfindən 4200 km məsafədən dünyanın ilk uzaqdan göz əməliyyatı həyata keçirilib
E-saglam.az xəbər verir ki, çinli oftalmoloqlar 4200 kilometrdən çox məsafədən dünyanın ilk uzaqdan subretinal inyeksiya əməliyyatını uğurla həyata keçirdiklərini Sun Yat-sen Universiteti çərşənbə axşamı açıqladı.
Quançjoudakı Çjonqşan Göz Mərkəzinin həkimləri Sincan əyalətinin Urumçi şəhərində yerləşən bir xəstəni yüksək sürətli 5G şəbəkəsi vasitəsilə robot cərrahi qolu işlədərək müalicə etdilər. Bu irəliləyiş teletibb və yüksək dəqiqlikli uzaqdan cərrahiyyədə, xüsusən də oftalmologiya sahəsində böyük bir sıçrayışdır.
Sun Yat-sen Universiteti Çjonqşan Göz Mərkəzinin nümayəndəsi Lin Haotian bildirib ki, bu əməliyyat Çində uzaqdan yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktik tətbiqi istiqamətində mühüm bir addımdır.
Prosedur zamanı Urumçidə robot sistemi vasitəsilə xəstənin gözünə mikroiynə yeridilib. Quançjoudakı cərrahlar cihazı real vaxt rejimində idarə edərək, mikroiynəni diqqətlə düzgün dərinliyə yönəldərək dərmanı tor qişanın altına yeridiblər. Bütün əməliyyat 7 dəqiqədən az müddətdə başa çatıb.
Uğurlu əməliyyat Çinin tibbi robototexnika, telekommunikasiya texnologiyası və məsafədən qulluq imkanları sahəsindəki sürətli irəliləyişlərini nümayiş etdirir. Mütəxəssislər deyirlər ki, bu texnologiya ucqar və az xidmət göstərilən bölgələrdə ixtisaslaşmış göz müalicələrinə çıxışı xeyli genişləndirə, səyahət yükünü azalda və ölkə daxilində xəstələr üçün tibbi nəticələri yaxşılaşdıra bilər.
Tərcümə: Könül Oruc