Faydalı
Stressi idarə etmək üçün
Faydalı
151

Stressi idarə etmək üçün 3 məsləhət

Hər birimiz stres yaşayırıq – istər işdə, istər evdə, istərsə də yolda. Bəzən kiminləsə xoşagəlməz ünsiyyət, işin çoxluğu və ya tıxacda qalmaq kimi gündəlik maneələr bizi xüsusilə stresli vəziyyətə sala bilər.

E-saglam.az xəbər verir ki, xroniki stress zehni, fiziki və emosional sağlamlığınıza təsir edə bilər. Heç kəsin həyatı tamamilə stresssiz deyil, amma onu idarə etməyi öyrənmək vacibdir. Aşağıdakı üç sadə üsul streslə mübarizədə sizə kömək edə bilər.

Öz-özünə danışıq

Hamımız bəzən öz-özümüzlə danışırıq. Bu danışıq müsbət (“Mən bunu edə bilərəm”) və ya mənfi (“Mən bacarmayacağam”) ola bilər. Mənfi fikirlər stressi artırır, müsbət fikirlər isə sakitləşməyə kömək edir.

Mənfi düşüncələri belə dəyişin:

“Mən bunu edə bilmərəm” → “Əlimdən gələni edəcəyəm.”

“Bu baş verəndə nifrət edirəm” → “Bunun öhdəsindən gələ bilərəm.”

“Mən təkəm” → “Kömək istəyə bilərəm.”

“Mən səhv etdim” → “Mən insanam, bunu düzəldə bilərəm.”

Müsbət düşünməyi vərdişə çevirin – bunu işdə, yolda və ya yatmazdan əvvəl məşq edin. Uşaqlara öyrətmək də çox faydalıdır.

Ən yaxşı 10 təcili stress azaldıcı

Bəzən stressi dərhal azaltmaq lazımdır. Aşağıdakı sadə üsullar bu anda sakitləşməyə kömək edə bilər:

1. Danışmazdan əvvəl 10-a qədər sayın.

2. Bir neçə dəfə yavaş və dərin nəfəs alın.

3. Qısa bir gəzintiyə çıxın – hətta bir-iki dəqiqəlik olsa da.

4. Qısa meditasiya və ya dua edin.

5. Əgər məsələ təcili deyilsə, sabah cavab verin.

6. Vəziyyətdən bir az uzaqlaşın, sonra qayıdın.

7. Böyük problemi kiçik addımlara bölün.

8. Sakitləşdirici musiqi və ya podkast dinləyin.

9. Sevdiyiniz biri ilə qucaqlaşın və ya kiməsə kömək edin.

10. Hərəkət edin – bir az idman stressi azaldır.

Stressi aradan qaldıran fəaliyyətlər

Sevdiyiniz işlərlə məşğul olun – bu, stressi azaltmağın ən təbii yoludur. Yorğun olsanız belə, gəzintiyə çıxmaq, dostlarla görüşmək və ya kitab oxumaq sizi rahatlaşdırar.

Aşağıdakılardan birini sınayın:

Uşaqlarınız və ya ev heyvanlarınızla oynayın.

Təbiətdə gəzin və ya yoga edin.

Bağda və ya evdə sadə işlərlə məşğul olun.

Qaçın, velosiped sürün və ya sadəcə gəzin.

Sevdiyiniz kitabı oxuyun və ya dostla qəhvə için.

Əsas olan, sizə yaxşı təsir edən məşğuliyyəti tapmaqdır. Stressi idarə etməyi öyrəndikcə, özünüzü daha tez toparlayacaqsınız.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun