Mədə yırtığı (hiatal yırtıq) ümumi sağlamlıq problemi olmaqla yanaşı, tez-tez digər xəstəliklərlə qarışdırılır.
E-saglam.az xəbər verir ki, diafraqmadakı zəiflik mədənin bir hissəsinin sinə boşluğuna keçməsinə səbəb olur və bu, ürək yanması, sinə ağrısı, həzmsizlik və udma çətinliyi kimi simptomlara yol açır. Mədə yırtıqları, xüsusən də reflü ilə sıx əlaqəsi səbəbindən həyat keyfiyyətini azaldır və erkən diaqnoz, həmçinin sağlam həyat tərzi vərdişləri ilə idarə oluna bilər.
Güven Çayyolu Tibb Mərkəzinin Ümumi Cərrahiyyə şöbəsinin mütəxəssisi Dr. Hakan Gökbayır mədə yırtığının nə olduğunu, səbəblərini və müalicə üsullarını izah etdi.
Mədə yırtığı nədir?
Mədə yırtığı mədənin bir hissəsinin diafraqmadakı açılıqdan yuxarı, sinə boşluğuna hərəkət etməsi ilə xarakterizə olunur. Diafraqma normal olaraq yemək borusunun keçməsinə imkan verir, lakin əzələlər zəiflədikdə mədə yırtığı meydana gəlir. Ürək yanması, sinə ağrısı, həzmsizlik, udma çətinliyi, şişkinlik, qaz, gəyirmə və boğaz ağrısı kimi simptomlar xəstələrdə tez-tez müşahidə olunur.
İlkin mərhələdə kiçik mədə yırtıqları adətən problem yaratmır. Lakin yırtıq böyüdükcə, simptomlar inkişaf edir. Ən çox görülən şikayət mədədən qida borusuna qida və turşunun geri axmasıdır. Bu, ürək yanması və sinə ilə boğazda yanma hissinə səbəb olur. Bu əlamətlər qastroezofageal reflü xəstəliyi (GERD) ilə oxşarlıq göstərir, çünki mədə yırtığı olan xəstələrdə özofagus və mədə arasında qapaq strukturunda qüsur reflüyə yol açır. Lakin mədə yırtığı olan hər xəstədə reflü baş vermir, reflü isə mədə yırtığı olmadan da ola bilər.
Mədə yırtığının səbəbləri
Əsas səbəblər arasında diafraqma əzələlərinin zəifləməsi, qarın içi təzyiqi artıran hallar və həyat tərzi faktorları var. Yaşlanma əzələ elastikliyini azaldır. Düzənsiz yemək vərdişləri, xroniki qəbizlik, artıq çəki, xroniki öskürək, tez-tez qusma və hamiləlik mədə və diafraqmaya təzyiqi artırır. Ağır yüklərin qaldırılması, fiziki travmalar, siqaret və alkoqol istifadəsi də mədə yırtığı riskini yüksəldir.
Mədə yırtığı ilə əlaqəli simptomlar
Ən çox rast gəlinən simptomlar mədənin turşusunun özofagusa geri axması ilə bağlıdır. Bunlara sinə içində yanma, yemək və mayelərin ağız boşluğuna axması, xroniki öskürək, səsin dəyişməsi, ağızda acı dad, ürək yanması, pis nəfəs, yutmaqda çətinlik, qəfil gəyirmə, şişkinlik, bulantı, qusma, sinə və qarın ağrısı, qaldırma və əyilmə zamanı yanma və ağrı, həmçinin nəfəs darlığı daxildir.
Mədə yırtığı necə diaqnoz edilir?
Diaqnostik üsullar arasında mədənin rentgenoqrafiyası, kompüter tomoqrafiyası və endoskopiya yer alır.
Mədə yırtığı necə müalicə olunur?
Mədə yırtığı zamanı tək dərman müalicəsi kifayət etməyə bilər, çünki həzm sistemi anatomik olaraq pozulub. Bunun üçün xəstə həyat tərzində dəyişikliklər etməlidir. Turşulu qidalar, qəhvə, yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq, yeməyi yatmazdan üç saat əvvəl bitirmək, qarnı sıxan geyim və kəmərlərdən qaçınmaq, həmçinin arıqlamaq tövsiyə olunur. Bu sadə tədbirlər həyat keyfiyyətini artırır və mədə yırtığı simptomlarının qarşısını alır.
Əməliyyat tələb edən hallar
Bəzi xəstələr üçün dərman müalicəsi kifayət edir, lakin müəyyən hallarda əməliyyat lazım olur. Mədədə turşu özofagusun epitel təbəqəsini zədələyə bilər və xroniki olduqda özofagus xərçəngi riski artır. Dərmanlara cavab verməyən xəstələr və ömür boyu dərmana davam etmək istəməyənlər əməliyyata müraciət edə bilərlər. Boğulmuş yırtıq halında isə təcili cərrahi müdaxilə tələb olunur.
Mədə yırtığı cərrahiyyəsi sinə boşluğuna keçmiş mədənin yerini bərpa etməyi, diafraqmadakı yırtığı bərpa etmək, mədə qapağını yenidən qurmağı və mədənin sinə boşluğuna qayıtmasının qarşısını almağı əhatə edir.
Tərcümə: Könül Oruc