Tibbi xəbərlər
Azərbaycanda məhbuslara icbari tibbi sığorta
Tibbi xəbərlər
6

Azərbaycanda məhbuslara icbari tibbi sığorta şamil ediləcək

"Tibbi Sığorta haqqında" Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişikliklə sığorta olunan əhali kateqoriyası bir qədər də genişlənir. Bu mütərəqqi yenilik həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə qarşı dövlətimizin humanist yanaşmasının daha bir göstəricisidir".

E-saglam.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin qurumun bugünkü iclasında deyib.

O bildirib ki, hazırkı qanuna əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər sığorta olunan hesab olunmur və onlar üçün sığorta hesabına heç bir xidmət təminatı yoxdur:

"Həmin şəxslər qanunvericiliyə əsasən, penitensiar müəssisənin xəstəxanalarında tibbi xidmət ala bilirlər və ya penitensiar müəssisənin xəstəxanalarında yardım göstərilməsi mümkün olmadıqda, tibb-sanitariya hissəsinin rəyi və Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin müraciəti əsasında Penitensiar xidmətin müvafiq qurumu tərəfindən xəstə məhkumların cəzaçəkmə müəssisələrindən kənar səhiyyə müəssisələrinə müayinə və qısamüddətli müalicəyə göndərilir. Əksər hallarda, qurumun səhiyyə xərcləri ilə bağlı resursları və imkanları məhdud olduğu üçün bu göndərişlər təşkil oluna bilmirdi.

Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən, tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmiş məhkumlar bu növ xidmətlərin, dərman vasitələrinin ödəniş haqqını öz şəxsi hesablarındakı vəsaitdən ödəyir və ya onların qohumları tərəfindən ödənilir.

Təklif olunan yeni qanun məhkumların tibbi xidmətlərə əlçatanlığı artıracaq və qurumun, məhkum və yaxınlarının maliyyə yükü ilə üzləşmədən, icbari tibbi sığorta sisteminin xidmətlər zərfi çərçivəsində tibbi xidmət almasını təmin edəcək. Göstəriləcək xidmətlərin tətbiqi şərtləri il ərzində 1 500 məhkumun tibbi sığortadan yararlanmasını nəzərdə tutur".

P.Vəliyeva əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səhiyyə hüququ təkcə Azərbaycan Respublikası vətəndaşları üçün deyil, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir:

"Müzakirə etdiyimiz qanun layihəsi ilə cəza çəkməkdə olan həm Azərbaycan Respublikası vətəndaşları, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslər qeyd olunan xidmət şərtləri daxilində sığortaolunan hesab olunacaq. Belə ki, hazırda, BMT-nin himayəyə götürdüyü şəxslər sığorta olunan hesab olunur, digər əcnəbi və vətəndaşlığı olmayan şəxslər isə yalnız işlədiyi zaman sığortaolunan hesab edilirdi. İndi isə yeni bir kateqoriya - məhkum edilmiş əcnəbilər də İTS fondu hesabına xidmətlər zərfi çərçivəsində tibbi xidmət ala biləcək".

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun