Yeni aparılan araşdırmaya görə, qızardılmış kartofun tez-tez istehlakı 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə yüksəldir.
E-saglam.az-ın məlumatına görə, həftədə 3 dəfə qızardılmış kartof yeyən şəxslərdə bu risk 20 faiz, həftədə 5 dəfə yeyənlərdə isə 27 faiz artdığı müəyyən edilib.
Qaynadılmış və bişmiş kartofda risk daha azdır
Tədqiqat göstərib ki, kartofun qaynadılmış, bişmiş və ya püresi formasında yeyilməsi daha az risk daşıyır. Bu şəkildə istehlak zamanı risk cəmi 5 faiz artır.
Əsas səbəb – qızartma üsulu və yağ
Araşdırmaya Harvard Universitetindən ictimai səhiyyə mütəxəssisi Dr. Seyid Məhəmməd Musəvi rəhbərlik edib. Nəticələr 1984–2021-ci illər arasında 205,000 ABŞ tibb işçisinin pəhriz məlumatlarına əsaslanır və "British Medical Journal"da dərc olunub.
Mütəxəssislər bildirir ki, kartofun özü sağlam qida ola bilər, lakin qızartma zamanı yağ və duz əlavə edildikdə, onun tərkibindəki nişasta və kalorilər artır, bu da şəkər xəstəliyi riskini yüksəldir.
Tam taxıllar riski azaldır
Tədqiqat onu da göstərib ki, kartof əvəzinə tam taxıllar yemək (məsələn, bulqur, qəhvəyi düyü) diabet riskini azalda bilər. Xüsusilə, çipsi yerinə tam taxıl istehlakı bu riski 19 faiz azaldır. Ancaq kartofu ağ düyü ilə əvəz etmək bu faydanı vermir, əksinə riski artırır.
Ekspertlər nə deyir?
Qidalanma üzrə mütəxəssis Dr. Kawther Hashem bildirib:
"Kartofun özü zərərli deyil. Onun necə hazırlandığı önəmlidir. Qaynadılmış və ya bişmiş kartof C vitamini, kalium və liflə zəngindir. Amma dərin yağda qızardılmış, duzlu və böyük porsiyalarda yeyildikdə sağlamlıq üçün risklidir."
Dr. Hashem həmçinin şirin kartof, bulqur və tam buğdalı makaron kimi daha sağlam alternativlərə üstünlük verilməsini tövsiyə edib.
Səbəb-nəticə deyil, amma ciddi siqnaldır
Qeyd olunur ki, bu araşdırma müşahidəyə əsaslanır, yəni birbaşa səbəb-nəticə əlaqəsi sübut olunmayıb. Lakin nəticələr qızardılmış qidaların diabet riskini artırdığına dair əvvəlki elmi fikirləri gücləndirir.
Xatırladaq ki, İngiltərədə şəkər xəstələrinin 90 faizi 2-ci tip diabetdən əziyyət çəkir və bu xəstəlik əsasən həyat tərzi və qidalanma ilə əlaqədardır.
Tərcümə: Könül Oruc