Tibbi xəbərlər
Nevroloq kürək sümükləri arasındakı ağrının hansı problemlərlə
Tibbi xəbərlər
226

Nevroloq kürək sümükləri arasındakı ağrının hansı problemlərlə əlaqəli ola biləcəyini açıqlayıb

Kürək sümükləri arasında yaranan kəskin, sızıldayan və ya sancan ağrı xüsusilə kompüter qarşısında uzun müddət işləyən, avtomobil idarə edən və ya gün ərzində smartfondan çox istifadə edən insanlarda tez-tez rast gəlinən şikayətlərdəndir. Lakin bu ağrı hər zaman birbaşa onurğa problemi ilə əlaqəli olmur.

E-saglam.az xəbər verir ki, nevroloq və reabilitasiya mütəxəssisi Rüstəm Baqautdinovun sözlərinə görə, belə ağrıların ən yayılmış səbəblərindən biri əzələlərin uzun müddət gərgin vəziyyətdə qalmasıdır.

Həkim izah edib ki, uzun müddət eyni vəziyyətdə oturmaq yuxarı bel və çiyin qurşağı əzələlərinin davamlı yüklənməsinə səbəb olur. Zaman keçdikcə əzələlərdə gərginlik, sərtlik və ağrılı həssas nöqtələr yarana bilər. Ağrı bəzi hallarda boyuna və ya çiyin nahiyəsinə də yayıla bilər.

Mütəxəssis yuxu zamanı istifadə olunan yastığın da əhəmiyyətli olduğunu vurğulayıb. Həddindən artıq hündür yastıq boynun uzun müddət qeyri-təbii vəziyyətdə qalmasına, çox alçaq yastıq isə boyun və çiyin qurşağında əlavə gərginliyin yaranmasına səbəb ola bilər. Bu da ağrının kürək sümükləri arasındakı nahiyədə hiss edilməsinə gətirib çıxara bilər.

Oturaq həyat tərzi, uzunmüddətli statik yüklənmə və fiziki aktivliyin azlığı da bu şikayətlərin yaranmasında rol oynaya bilər.

Bununla yanaşı, Baqautdinov qeyd edib ki, kürək sümükləri arasındakı ağrı bəzi hallarda döş onurğasındakı degenerativ dəyişikliklər, qabırğaarası sinirlərin qıcıqlanması və ya çiyin oynağı ilə bağlı problemlərlə əlaqəli ola bilər. Daha nadir hallarda isə ağrı digər orqan və sistemlərdə yaranan problemlərlə də əlaqəli ola bilər.

Mütəxəssis vurğulayıb ki, ağrının səbəbini müəyyən etmək üçün yalnız onun yerləşdiyi nahiyəyə diqqət yetirmək kifayət deyil. Ağrının nə vaxt və necə başladığı, hansı hərəkətlər zamanı artdığı, nə qədər davam etdiyi və əlavə əlamətlərlə müşayiət olunub-olunmadığı da qiymətləndirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun