Nəvələrə baxmaq yaşlı insanların beyin sağlamlığı üçün ciddi faydalar gətirir.
E-saglam.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, nənələr və babalar nəvələrinə gündəlik qayğı göstərdikcə yaddaş və nitq qabiliyyətini qoruyur, yaşa bağlı zehni zəifləmənin qarşısını alır.
Hollandiyadakı Tilburq Universitetinin apardığı tədqiqatda 50 yaşdan yuxarı, orta yaşı 67 olan 2887 nənə və baba iştirak edib. Onlar 2016-2022-ci illər arasında sorğulara cavab verib və koqnitiv testləri üç dəfə tamamlayıblar. Tədqiqatçılar yalnız nə qədər tez-tez qayğı göstərməyin deyil, hansı fəaliyyətlərin həyata keçirilməsinin də əhəmiyyətli olduğunu vurğulayıblar.
Belə ki, oyun oynamaq, ev tapşırığına kömək etmək, məktəbə aparmaq və ya parka çıxarmaq kimi fəaliyyətlər nənə və babaların nitq səlisliyini və epizodik yaddaşını gücləndirir. Hətta uşaqları tez-tez məktəbdən götürən nənələr də daha yüksək nitq səlisliyi nümayiş etdirib.
Araşdırmada göstərilib ki, nənələr nəvələri ilə daha çox fiziki və emosional şəkildə əlaqədə olur, babalar isə əsasən asudə vaxt fəaliyyətlərinə cəlb olunur. Buna görə də qadınlar üçün faydalar daha uzun müddət davam edir.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, dəstəkləyici və könüllü qayğı, stressli və məcburi vəziyyətlərdən daha çox fayda verir. Yəni, nəvələrinə sevgi və maraqla baxmaq, həm beyin sağlamlığını qoruyur, həm də yaşlı insanların özünü faydalı və aktiv hiss etməsinə kömək edir.
Araşdırmanın aparıcı tədqiqatçısı Flavia Çereçes bildirib: “Bizi ən çox maraqlandıran odur ki, qayğıkeş nənə və baba olmağın idrak funksiyası üçün nə qədər tez-tez qayğı göstərmələrindən daha vacib olduğu görünürdü.”
Beləliklə, sadə gündəlik qayğı fəaliyyətləri – oyun oynamaq, ev tapşırığına kömək etmək, məktəbə aparmaq – yaşlı nənə və babaların beyin sağlamlığını gücləndirir, onların yaddaşını və nitq qabiliyyətini qoruyur.
Tərcümə: Könül Oruc