"Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov deyib.
Onun sözlərinə görə, vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur.
"Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar", - neanotoloq əlavə edib.