"Son aylarda Azərbaycanda vaksinasiya prosesi daha sürətli gedir".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır: "Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür".
Baş infeksionist qeyd edib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir: "Yadda saxlamaq lazımdır ki, az saylı da olsa, peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq".