E-saglam.az xəbər verir ki, yeni araşdırmaya görə, 2050-ci ilə qədər dünya üzrə yetkinlərin yarısından çoxunun artıq çəki və ya piylənmə olacağı proqnozlaşdırılır.
200-dən çox ölkədən alınan məlumatlara əsaslanan beynəlxalq araşdırmada tədqiqatçılar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən mühüm sağlamlıq probleminə çevrilən piylənmənin gedişatını araşdırıblar.
Tədqiqat 2021-ci ildən etibarən dünya üzrə yetkin əhalinin demək olar ki, yarısının artıq çəkidən və ya piylənmədən əziyyət çəkdiyini vurğuladı və 1990-cı ildən bu yana həm kişilərdə, həm də qadınlarda bu sağlamlıq problemi yaşayan insanların nisbətinin iki dəfə artdığını bildirdi.
Tədqiqat müəyyən edib ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər artıq çəki və piylənmə nisbəti kişilərdə 57,4, qadınlarda isə 60,3 faizə çata bilər.
Araşdırmada xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında piylənmənin 121 faiz artacağı və 2050-ci ilə qədər obez gənclərin sayının 360 milyona çatacağı proqnozlaşdırılır. Tədqiqat həmçinin bildirib ki, 2050-ci ilə qədər piylənmə ən çox Çin, Hindistan və ABŞ-da yayılacaq.
Tərcümə: Könül Oruc