Daban tikanı müasir həyatın yayılmış problemi halını alıb. Xüsusilə uzun müddət ayaq üstə qalanlar və artıq çəkidən əziyyət çəkənlər bu vəziyyətdən daha çox təsirlənirlər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bu ağrılı problemin erkən diaqnoz və tədbirlərlə qarşısının alınmasının mümkün olduğunu bildirirlər.
Daban tikanı (heel spur) ayaq altındakı birləşdirici toxumanın daban sümüyünə yapışdığı nahiyədə kalsium yığılması ilə yaranır. Ən əsas əlaməti səhərlər ilk addımlarda hiss olunan kəskin ağrıdır. Bu vəziyyət adətən plantar fasiit ilə əlaqəlidir.
Risk altında olanlar arasında müəllimlər, tibb işçiləri, ofisiantlar, artıq çəkisi olan şəxslər və uyğun olmayan ayaqqabı geyinənlər var. Xüsusilə 40 yaşdan yuxarı insanlarda risk daha yüksəkdir.
Müalicə üsulları arasında istirahət, buz tətbiqi, fizioterapiya, dartma hərəkətləri, ortopedik içliklər və bəzi hallarda kortizon iynələri yer alır. Ağrılar uzun müddət davam edərsə, şok dalğa terapiyası və ya cərrahiyyə tətbiq oluna bilər.
Profilaktika üçün düzgün ayaqqabı seçmək, çəkini nəzarətdə saxlamaq və mütəmadi idman hərəkətləri etmək vacibdir. İlk ağrı əlamətində həkimə müraciət etmək xəstəliyin qarşısını almaqda mühüm rol oynayır.
Tərcümə: Könül Oruc