Psixologiya
Mənəviyyatın ucuzlaşdığı dövr:
Psixologiya
133

Mənəviyyatın ucuzlaşdığı dövr: Parıltılı formalar, boş məzmunlar

Bu gün yaşadığımız dövr, zahiri formaların iç məzmundan daha önəmli göründüyü bir çağdır. Bəlkə də bu dövrü bircə cümlə ilə ifadə etmək gərək olsa, belə demək olardı: mahiyyət unudulub, zahir müqəddəsləşdirilib. Bu dəyişiklik ən çox da mənəviyyat anlayışında özünü göstərir. Mənəvi axtarış adı altında təqdim olunanlar, əslində nəfsi razı salmaqdan başqa bir şey deyil. Sözlər gözəldir, şəkillər möhtəşəm, ifadələr bəzəklidir — lakin ruh yoxdur.

Mənəviyyat bu qədər populyar, bu qədər əlçatan görünməmişdi. Sosial mediada hər gün onlarla “mənəvi” paylaşımla qarşılaşırıq: meditasiya pozalarında şəkillər, “öz enerjini qoru” şüarları, “özünü sev, heç kimin fikri önəmli deyil” cümlələri və sair. Bunlar ilk baxışdan insana cazibədar gələ bilər. Çünki bu mesajlar insanın içindəki nəfsə xoş gəlir. Lakin təəssüf ki, bu “mənəviyyat” formalarının böyük əksəriyyəti özündən doğan bir eqonun təbliğidir. Bu, nəfsi daha da mərkəzə alan, amma adına “özünü sevmək”, “şəxsi sərhədlər” və “şəxsi azadlıq” kimi etiketlər yapışdırılmış bir aldanmadır.

Qədim bir şairin yadımda qalan bir kəlamı var, şairin adı bəlkə yaddan çıxıb, amma kəlamın özü əbədidir:

“Çirkin bir xəttdir ki, qızıl suyla yazılıb”.

Bu bir metaforadır – mahiyyət çirkin və zövqsüzdür, amma forma, yəni zahiri bəzək o qədər gözəldir ki, insan bir anlıq mahiyyətin nə olduğunu unutmaq təhlükəsi ilə qarşı-qarşıya qalır. Məhz bu gün biz o təhlükənin içindəyik. Gözə görünən parıltı, işıqlandırmalar, “pozitiv enerji” sözləri — bunların arxasında çox vaxt eqonun səssiz bir hökmranlığı yatır.

Əgər bir insan öz istəkləri, arzuları və duyğularından yuxarı qalxa bilmirsə, əgər onun bütün “mənəvi” seçimi sadəcə öz daxili rahatlığı üçündürsə, bu yolun adı mənəviyyat deyil. Bu, yalnız və yalnız nəfsin yeni bir paltarda təqdimidir. Mənəviyyat sadəcə rahatlamaq, sakitləşmək və özünü xoşbəxt hiss etmək üçün seçilən bir vasitə deyil — o, insanın öz varlığı ilə haqq arasındakı məsafəni qət etmə cəhdidir. Bu, bir iç savaşdır. Və bu savaşda insanın ən böyük düşməni onun öz nəfsidir.

Mənəviyyat yolu asan deyil. O, insanın öz istəklərini, zövqlərini, arzularını sorğu-sual etməyi tələb edir. Bu yolda bəzən insan öz arzularından, hətta bəzi hisslərindən imtina etməli olur. Çünki həqiqi mənəviyyat yalnız “özün üçün” deyil, “ümum üçün” yaşamağı tələb edir. Yəni sənin seçimin, davranışın, niyyətin təkcə sənə fayda verməklə bitməməlidir — ətrafındakı insanlara, bütövlükdə yaradılışa da xidmət etməlidir.

Unudulmamalıdır ki, mənəviyyat yeni icad olunası bir yol deyil. Bu, min illərlə mövcud olan, qədim müdriklərin, ariflərin, peyğəmbərlərin addımladığı bir yoldur. O yolun daşları, izləri, işarələri bizə qədim mənbələrdən miras qalıb. Biz özbaşına yeni “mənəviyyat forması” uydura bilmərik. Yeni sözlər, yeni texnikalar icad edə bilərik, amma ruhun yolunu ancaq o qədim izlərdən oxuya bilərik. Əgər bu mənbələri anlamadan, ruhumuzu bu irfanla yoğurmadan yol almağa çalışsaq, bu sadəcə quru bir imitasiyaya çevrilər.

Bugünkü dünyada isə texnologiya, materializm, süni zövqlər bizi robotlaşdırmağa doğru aparır. İnsan tədricən duyğusuz, reflekslərlə hərəkət edən bir varlığa çevrilməkdədir. Və belə bir mühitdə mənəviyyatı “rahatlıq” kimi təqdim etmək onu bayağılaşdırmaqdan başqa bir şey deyil. Həqiqi mənəviyyat isə insanı silkələyər, onu öz içindəki qaranlıqla üz-üzə qoyar, nəfslə cəbhəyə çəkər.

Bu səbəbdən, mənəviyyata doğru bir yolçuluğa çıxmaq istəyən hər kəs bilməlidir: bu yol bəzəkli sözlərlə, rahatlatıcı musiqilərlə, çakra xəritələri ilə deyil — səmimi niyyətlə, daxili tərbiyə ilə və nəfs üzərində uzun bir səbr və mübarizə ilə başlar. Əgər qəlbin açıq deyilsə, əgər sən özünü həqiqətən tanımağa hazır deyilsənsə, ən qədim qapılar belə sənin üçün bağlı qalacaq.

Kouç-psixoloq Zeynəb Təqəvi

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun