Sağlamlıq
Mədədə tez-tez gurultu hansı xəstəliklərin
Sağlamlıq
9

Mədədə tez-tez gurultu hansı xəstəliklərin xəbərçisi ola bilər?

Mədə gurultusu hər kəsdə zaman-zaman olur və əksər hallarda normal həzm prosesinin bir hissəsidir. Qastroenteroloq İrina Yakovlevanın sözlərinə görə, bağırsaqların yığılması, qidanın və qazların hərəkəti zamanı səs yaranması təbii haldır.

E-saglam.az-ın məlumatına görə, lakin bu gurultu tez-tez baş verirsə, yeməkdən sonra güclənirsə və ağrı, şişkinlik, ishal və ya qəbizliklə müşayiət olunursa, artıq mədə-bağırsaq problemlərinə işarə edə bilər.

Mütəxəssis bildirir ki, davamlı gurultunun ən geniş yayılmış səbəblərindən biri qıcıqlanmış bağırsaq sindromudur. Bu zaman bağırsaqlar adi qidaya belə həddindən artıq reaksiya verir. Nəticədə gurultu, şişkinlik, qaz, qarın ağrısı, ishal və ya qəbizlik müşahidə olunur.

Bağırsaq mikroflorasının pozulması da gurultunu artıran əsas amillərdəndir. Faydalı bakteriyalar azaldıqda qida normal həzm olunmur, fermentasiya prosesi güclənir və qaz, ağırlıq hissi, qeyri-sabit nəcis yaranır. Bu vəziyyət antibiotik qəbulundan sonra, stress, infeksiyalar və nizamsız qidalanma səbəbindən meydana çıxa bilər.

Bəzi insanlarda laktoza, fruktoza və ya qlüten dözümsüzlüyü mədədə gurultunun əsas səbəbi olur. Belə hallarda narahatedici qida qəbulundan 15–40 dəqiqə sonra şişkinlik, səs-küy, qaz və maye nəcis ortaya çıxır.

Qastrit və duodenit zamanı da mədə gurultusu arta bilər. Bu vəziyyət adətən yeməkdən sonra ağırlıq, ürəkbulanma, tez doyma və mədə narahatlığı ilə müşayiət olunur.

Əgər mədəaltı vəzi kifayət qədər ferment istehsal etmirsə, qida tam həzm olunmur və bağırsaqlarda fermentasiya etməyə başlayır. Bu hal mədəaltı vəzi çatışmazlığı adlanır və yağlı, parlaq, təmizlənməsi çətin nəcis, güclü qaz, gurultu və qarının yuxarı hissəsində narahatlıqla özünü göstərir.

Həkim qeyd edir ki, xroniki kolit də daxil olmaqla iltihabi bağırsaq xəstəlikləri və bağırsaq infeksiyaları da davamlı gurultuya səbəb ola bilər. Bu zaman adətən ishal, sancılar, qızdırma və ümumi zəiflik müşahidə olunur.

Yakovleva vurğulayır ki, mədədə gurultu tək başına həmişə təhlükəli deyil. Lakin davamlı, ağrılı və digər əlamətlərlə birlikdə baş verirsə, mütləq həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun