Mədə yırtığının (hiatal yırtıq) səbəbi nədir? Mədə yırtığının əlamətləri hansılardır?
Mədə yırtığı əlamətləri yaşayan insanların gecikmədən həkimə müraciət etmələri tövsiyə olunur.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bağırsaqlarımızı və həzm orqanlarımızı dəstəkləyən mədə zaman-zaman müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilər. Bunlardan biri də mədə yırtığıdır. Hiatal yırtıq mədə əzələlərinin zəifləməsi və ya mədəni əhatə edən diafraqmanın zəifləməsi nəticəsində mədə içindəki maddələrin yuxarı doğru sinə boşluğuna itələndiyi bir vəziyyətdir. Son illərdə aparılan araşdırmalar göstərir ki, hiatal yırtıq getdikcə artan sağlamlıq problemidir.
Mövzu ilə bağlı açıqlama verən mütəxəssislər bildiriblər ki, hiatal yırtıq tez-tez yanma hissi, mədə yanması, həzmsizlik, sinə ağrısı və udma çətinliyi kimi əlamətlərlə özünü göstərə bilər. Uzun müddət davam edərsə, ciddi fəsadlara səbəb ola bilər: "Xüsusilə, mədədəki maddələrin özofagusa (yemək borusuna) geri sızması zamanı meydana gələn reflü xəstəliyinə səbəb ola bilər və bu, yemək borusunun zədələnməsinə və zamanla qida borusu xərçəngi riskinin artmasına səbəb ola bilər".
Mədə yırtığı riskini artıran amillərdən xilas olun
Mütəxəssislərin fikrincə, hiatal yırtığın müalicəsi simptomların şiddətinə, xəstənin yaşına və sağlamlıq vəziyyətinə görə dəyişə bilər: "Dərmanlar, pəhriz dəyişiklikləri, çəki nəzarəti və həyat tərzi dəyişiklikləri ümumiyyətlə, yüngül hallarda təsirli ola bilər. Ancaq bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər. Ehtiyat tədbirləri görmək üçün hiatal yırtıq riskini artıran amillərdən qaçınmaq tövsiyə olunur. Bu amillərə həddindən artıq çəki, həddindən artıq yemək, siqaret çəkmək, ağırlıq qaldırmaq və tez-tez əyilmək daxildir. Hiatal yırtıq əlamətləri olan insanlara gecikmədən həkimə müraciət etməyi tövsiyə edirik. Erkən diaqnostika və düzgün müalicə ilə hiatal yırtıq və onunla bağlı yaranan fəsadların qarşısı alınaraq sağlam həyat sürmək olar".
Tərcümə etdi: Könül Oruc