Onkoloq Yevgeni Çeremuşkin mədə və mədəaltı vəzi xərçənginə tutulma riski ən yüksək olan insanlar qrupunu açıqlayıb.
E-saglam.az-ın məlumatına görə, həkim bildirib ki, xüsusilə siqaret çəkən və spirtli içki qəbul edən şəxslər bu baxımdan risk qrupuna daxildir.
Onun sözlərinə görə, spirtli içkilər mədə və mədəaltı vəzin selikli qişasını qıcıqlandırır və orada yanma hissi yaradır. Bu isə zamanla xroniki iltihaba səbəb olur. Orqanizm bu qıcıqlanmaya müxtəlif ifrazatları, o cümlədən öd ifrazı ilə cavab verir və nəticədə toxumalar daim zədələnmiş vəziyyətdə qalır.
Çeremuşkin qeyd edib ki, siqaret də xərçəng riskini ciddi şəkildə artıran əsas amillərdəndir. Siqaret çəkən insanlar tüpürcəklə birlikdə zərərli maddələri mütəmadi olaraq udurlar və bu toksinlər birbaşa mədə-bağırsaq sisteminə təsir edir. Bu proses uzun illər davam etdikdə, xərçəng yaranma ehtimalı əhəmiyyətli dərəcədə yüksəlir.
Həkimin sözlərinə görə, pankreas və mədə xərçəngi riski həmçinin nizamsız qidalanma, yağlı və çox ədviyyatlı yeməklər, eləcə də uzunmüddətli stress zamanı da artır. Bütün bu amillər mədə-bağırsaq sisteminə əlavə yük yaradır və qoruyucu mexanizmləri zəiflədir.
Onkoloq xüsusilə vurğulayıb ki, əgər bir insan 20–25 yaşlarından etibarən müntəzəm olaraq siqaret çəkməyə və spirtli içki qəbul etməyə başlayırsa, 15–20 il sonra onda xərçəng diaqnozu qoyulma ehtimalı xeyli yüksəlir. Bu isə gənc yaşlardan düzgün həyat tərzinin nə qədər vacib olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, siqaret və alkoqoldan uzaq durmaq, sağlam qidalanmaq, stressi azaltmaq və müntəzəm tibbi müayinələrdən keçmək mədə və mədəaltı vəzi xərçənginin qarşısının alınmasında əsas qoruyucu amillər hesab olunur.
Tərcümə: Könül Oruc