"Lənkəran rayonu turizm məkanına çevrildiyi üçün gələn qonaqların sayı həddindən çoxdur. Bu zaman isə avtoqəzalar qaçınılmaz olur. Bunu nəzərə alaraq, bölgədə Regional Travmatoloji Mərkəzin yaradılmasını nəzərdə tutmuşuq".
Bu sözləri E-saglam.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq müvafiq qurumlara müraciət olunub.
Direktor bildirib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli xidmətlər aparılır və bunun artırılması üçün daha çox çalışılır.
A.Kəlbiyev həmçinin qeyd edib ki, xəstəxanaya bütün xəstəliklər üzrə müraciətlər olsa da, Lənkəran subtropik rayon olduğuna görə, bu bölgədə oynaq, sümük xəstəlikləri, eyni zamanda uroloji xəstəliklərlə müraciətlər çoxluq təşkil edir.
Könül Oruc