Kollagen zülal maddəsidir və onun bir neçə növü var. İnsan orqanizmində ən çox rast gəlinən növü birinci tip kollagendir. O, dəridə, əzələlərdə, birləşdirici toxumalarda və qan damarlarında olur. İkinci tip kollagen isə daha çox qığırdaq və oynaqlar üçün vacibdir.
E-saglam.az xəbər verir ki, diyetoloq Nikolay Panasyuk bildirir ki, bəzən kollagen içmək faydasız ola bilər. Onun fikrincə, bu, üç əsas səbəbdən baş verir:
1. Əgər insanın mədə turşusu azdırsa, zülallar, o cümlədən kollagen yaxşı həzm olunmur.
2. Çoxlu qlikasiya olunmuş (yanmış və ya şəkərlə zəngin) qidalar — məsələn, bulkalar, kartof qızartması, şirniyyat — kollageni bədəndə "yandıraraq" təsirini azalda bilər.
3. Dəmir, B12, B9, C vitamini və mis çatışmazlığı da kollagenin orqanizm tərəfindən sorulmasına mane olur.
Diyetoloq əlavə edir ki, bir çox insanlar toz halında kollagen qəbul etməyə üstünlük verir, amma əsas olan düzgün qidalanma və sağlam həzm sistemidir. Əgər bu sahələrdə problem varsa, təkcə kollagen içmək gözlənilən faydanı verməyə bilər.
Tərcümə: Könül Oruc