E-saglam.az xəbər verir ki, Odintsovodakı Medical On Group klinikasının travmatoloq-ortopedi Marat Paytyan bununla bağlı ətraflı izah verib.
Kişilər ayaq üstə durarkən nə etməməlidirlər?
Kişilər uzun müddət ayaq üstə qalmamalıdır. İstehsalat şəraitində və ya günboyu ayaqüstə işləməyi tələb edən işlərdə, bədən ağırlığı oynaqlara və əzələlərə davamlı təzyiq göstərir. Duruş pozuntuları və bədənin qeyri-düzgün tarazlanması bel və ayaq ağrılarına səbəb ola bilər. Mütəmadi fasilələr vermək və əzələlərə istirahət imkanları yaratmaq vacibdir.
Qadınlar oturarkən nə etməməlidirlər?
Qadınlara uzun müddət ayaqları çarpaz vəziyyətdə oturmamaq tövsiyə olunur. Bu pozisiya çanaq nahiyəsində sinirlərə və qan damarlarına təzyiqi artırır, onurğa sütununda əlavə gərginlik yaradır. Xüsusilə kompüter arxasında çalışan qadınlar duruşlarına diqqət yetirməli və tez-tez bədən vəziyyətini dəyişməlidirlər. Qadınlarda daha geniş çanaq quruluşu və elastik oynaqlar sabitlik versə də, eyni zamanda, diz oynağı zədələrinə qarşı həssaslığı artırır.
Ümumi tövsiyələr:
Həm kişilər, həm də qadınlar üçün uzun müddət hərəkətsiz qalmaq, xüsusilə eyni pozisiyada oturmaq və ya dayanmaq, qan dövranının zəifləməsi, əzələ zəifliyi və sinirlərin sıxılması ilə nəticələnə bilər. Bu səbəbdən tez-tez bədən mövqelərini dəyişmək, uzanmaq və yüngül məşqlər etmək tövsiyə olunur.
Ayaqüstə olarkən çəkinizi bir ayağa salmaq və ya hərəkətsiz şəkildə dayanmaq bel və oynaq sağlamlığı üçün zərərlidir. Oturarkən isə düzgün duruşu qorumaq, arxa və boyun əzələlərini gərginlikdən uzaq saxlamaq məqsədilə bədənə dəstək verən oturacaqdan istifadə vacibdir.
Ortopedik baxımdan bədən quruluşuna uyğun olmayan oturuş və duruş vərdişləri əzələ disbalansı, sinir sıxılması və ağrılı sindromlara gətirib çıxara bilər. Hər iki cins üçün aktiv həyat tərzi və düzgün duruş ən yaxşı profilaktik tədbirdir.
Tərcümə: Könül Oruc