Kişi və qadınlarda idmanın aclığa təsiri fərqlidir -
Kişi və qadınlarda idmanın aclığa təsiri fərqlidir -

Elm adamları intensiv idmanın qadın və kişilərin iştahaları üzərində fərqli təsirlərə səbəb olduğunu açıqlayıblar.

E-saglam.az xəbər verir ki, Birləşmiş Krallıqda aparılan və “Journal of the Endocrine Society” jurnalında yayımlanan yeni bir araşdırma, xüsusilə qadınlar üçün ağır idman sonrası iştahanın fərqli şəkildə ortaya çıxdığını müəyyən edib.

Müntəzəm idmanla məşğul olmaq iştahanı tənzimləyən “qrelin” biokimyəvi vasitəsinin üzərində müxtəlif təsirlər göstərir. İştahanı artırdığı üçün “aclıq hormonu” olaraq bilinən “qrelin” hormonu aktiv (AG) və deaktiv (DAG) formalarda iki növü var.

Bu tədqiqatda idman sonrası “qrelin” səviyyəsində baş verən dəyişikliklər təhlil edilib. Araşdırmada 8 kişi və 6 qadın iştirak edib. Onlar gecə ac qalaraq idman zallarında müxtəlif səviyyələrdə məşq ediblər. Məşqdən əvvəl və sonra iştirakçıların AG, DAG, ümumi “qrelin” və “laktik turşu” dəyərləri ölçülüb. Həmçinin idmandan sonra nə qədər ac olduqları da soruşulub.

Məlum olub ki, qadınlarda idmandan əvvəlki ümumi “qrelin” səviyyəsi kişilərə nisbətən daha yüksəkdir. Ancaq yüksək intensivlikdə idmandan sonra qadınlarda AG səviyyəsi əhəmiyyətli dərəcədə azalma göstərib. Kişilərdə isə eyni intensivlikdə idman “qrelin” səviyyəsini aşağı salmasına baxmayaraq, orta səviyyədə idman onun səviyyəsini artırıb və iştahanı daha da gücləndirib.

Qadınlar hər iki növ idmandan sonra iştaha səviyyəsini demək olar ki, eyni şəkildə hiss edərkən, kişilərdə intensiv idmandan sonra iştaha azalıb, orta intensivlikdə isə iştaha artıb. Elm adamları nəticələri “laktik turşu” ilə əlaqələndirirlər.

Lafboro Universitetinin professoru Alisa Tekrey qeyd edib ki, idmandan sonra “qrelin” səviyyəsində baş verən dəyişikliklər “laktik turşu”nun artımı ilə müşahidə olunur.

Araşdırmanı həyata keçirənlər bildiriblər ki, bu iş kiçik bir qrup üzərində aparıldığından nəticələrin daha geniş miqyasda öyrənilməsinə ehtiyac var. Buna baxmayaraq, tədqiqat göstərir ki, idmanla aclığı idarə etməkdə həm məşqin intensivliyi, həm də cinsiyyət böyük rol oynayır.(Azərtac)

E-saglam.az