Bəzi hallarda ədviyyatlı qidalar sağlamlıq üçün zərərli ola bilər.
E-saglam.az-ın məlumatına görə, Piroqov Universitetinin dosenti Yuliya Çexonina bibər və müxtəlif ədviyyatların hansı vəziyyətlərdə təhlükə yaratdığını izah edib.
Mütəxəssisin sözlərinə görə, orta dərəcədə ədviyyatlı qidalar sağlam yetkin insanlar üçün təhlükəli hesab olunmur. Lakin müəyyən xəstəlikləri olan şəxslər üçün bu cür qidalar ciddi problemlərə səbəb ola bilər. Xüsusilə ağız boşluğu, qida borusu və mədə selikli qişasının iltihabı, kəskin mərhələdə olan qastrit, xolesistit, pankreatit və iltihabi bağırsaq xəstəlikləri zamanı ədviyyatlı yeməklərdən uzaq durmaq tövsiyə olunur.
Çexonina bildirir ki, belə hallarda ədviyyatlı qidalar ağrını gücləndirir, selikli qişanı qıcıqlandırır və iltihabi prosesi daha da artırır. Bu səbəbdən bu diaqnozlarla yaşayan xəstələrə adətən yumşaq və qoruyucu pəhriz təyin edilir.
Digər tərəfdən, mədə-bağırsaq sistemi sağlam olan insanlar üçün ədviyyatlı qidalar faydalı ola bilər. Onlar həzm vəzilərinin fəaliyyətini aktivləşdirir, iştahanı artırır və qidanın daha yaxşı həzm olunmasına kömək edir.
Mütəxəssis əlavə edir ki, ədviyyatlı yeməklər xüsusilə iştah problemi yaşayan, çəki almaqda çətinlik çəkən və bədən çəkisi az olan, lakin mədə problemi olmayan şəxslər üçün faydalı təsir göstərə bilər.
Tərcümə: Könül Oruc