
Danimarka alimlərinin araşdırmasına görə, keyfiyyətli sperma istehsal edən kişilər daha uzun yaşayır.

E-saglam.az xəbər verir ki, 80.000 kişidən alınan nümunələr göstərib ki, boşalma başına 120 milyondan çox hərəkətli sperma istehsal edən kişilər, 5 milyondan az sperma istehsal edənlərdən orta hesabla 2-3 il daha uzun ömür sürürlər.
Araşdırmaya rəhbərlik edən Dr. Larke Priskorn, sperma keyfiyyəti və uzunömürlülük arasında güclü əlaqə olduğunu bildirib. Məlum olub ki, zəif sperma keyfiyyəti vaxtından əvvəl ölüm və ümumi sağlamlıq problemləri ilə bağlıdır. Lakin bu əlaqənin dəqiq bioloji səbəbləri hələ tam aydın deyil.
Sperma keyfiyyətinin aşağı olmasına hansı faktorlar təsir edə bilər?
Mütəxəssislər bildirir ki, cinsi xromosomlardakı genetik qüsurlar, zəif immun sistemi, ürək xəstəlikləri, həyat tərzi və ətraf mühitin çirklənməsi sperma keyfiyyətinə təsir edə bilər. "Oksidləşdirici stress" adlı proses isə həm sperma hüceyrələrini, həm də bədən toxumalarını zədələyərək yaşlanmanı sürətləndirə bilər.
Növbəti araşdırmaların məqsədi, zəif sperma keyfiyyətinə malik kişilərdə hansı xəstəliklərin daha çox rast gəlinməsini müəyyən etməkdir. Prof. Allan Pacey qeyd edib ki, sperma keyfiyyəti aşağı olan kişilər panikaya düşməməli, sağlamlıqları ilə bağlı narahatlıqları olduqda həkimlə məsləhətləşməlidirlər.
Tərcümə: Könül Oruc