Estetik sahədə son illər böyük dəyişiklik yaşanır. İnsanlar artıq süni görünüşdən çox sağlam, təbii və keyfiyyətli dəriyə üstünlük verirlər. Bu dəyişimin arxasında həm tibbi faktorlar, həm də insanların daha balanslı və cavan görünüş arzusu dayanır.
Mövzu ilə bağlı Zahra klinikasının həkim-kosmetoloqu Nərminə Məmmədova E-saglam.az-a müsahibə verib. Mütəxəssis suallarımızı cavablandıraraq həm dolğular, həm də dəri sağlamlığı ilə bağlı ən vacib nüanslara aydınlıq gətirdi.
– Nərminə doktor, son illərdə estetikada dolğulardan daha çox “sağlam və keyfiyyətli dəri”yə yönəlmə müşahidə olunur. Bu dəyişimin əsas tibbi və sosial səbəbləri nədir? İnsanlar niyə daha çox təbii və balanslı görünüş istəyirlər?
– Çünki təbii və balanslı görünüş insanı cavan göstərir. Yəni insanlar dəyişəndə daha çox cavan qalmaq istəyirlər, cavan görünüş istəyirlər. Ona görə də onlar təbii dəyişmək istəyirlər. Dolduranda isə insanlar daha yaşlı görünə bilərlər.
– Dolğu həqiqətən zərərlidirmi, yoxsa problem yanlış göstəriş və qeyri-peşəkar tətbiqlərdədir?
– Dolğu əgər son texnologiya, nanotexnologiya ilə hazırlanıbsa, sertifikasiyadan keçibsə, tam biodeqradasiyaya uğrayan dolğudursa, təbii dolğudursa, onun az miqdarda qoyulmasının bir ziyanı yoxdur. Çünki onsuz da onlar zamanla bədəndən sovrulub gedir.
– Hansı hallarda dolğu tibbi baxımdan əsaslandırılmışdır, hansı hallarda isə ümumiyyətlə tövsiyə edilmir?
– Bəli, dolğunu çox miqdarda və yanlış yerə, qeyri-peşəkar şəkildə qoyursansa, əlbəttə ki, bu dolğular xeyirdən çox ziyan verəcək. Çünki hər bir dolğunun öz çəkisi var. Çoxlu miqdarda dolğu olduqda üz daha çox özünə su yığır, hialuron turşulu olduğuna görə və o dəridə ödemli, şişmiş bir görüntü alır. Gələcəkdə də həmin yerlərdə sovrulub gedəndən sonra dəri sallanması baş verə bilər.
– “Keyfiyyətli dəri” anlayışı tibbi olaraq nə deməkdir və bunu hansı göstəricilərlə ölçmək olar?
– Keyfiyyətli dəri o deməkdir ki, dəri elastikliyi kifayət qədərdir, dəridə ləkələr yoxdur, dəridə hər hansı bir törəmələr yoxdur, dəridə hansısa bir dəri xəstəlikləri yoxdur. Bu halda buna keyfiyyətli dəri deyilir.
– Dərinin sağlamlığını uzunmüddətli qorumaq üçün ən effektiv prosedurlar hansılardır?
– Hesab edirəm ki, dəri sağlamlığını uzunmüddətli qorumaq üçün ən yaxşı prosedurlar plazmaterapiya və mezoterapiyadır.

– Kollagen itkisi hansı yaşdan başlayır və bu prosesi necə düzgün şəkildə idarə etmək olar?
– Kollagen və elastin itkisi 25 yaşdan sonra başlayır və bunun qarşısını almaq üçün istifadə etmək lazımdır: Birincisi, vaxtı-vaxtında sağlam qidalanmaq lazımdır. Çünki elə maddələr var ki, məsələn, vitamin C kollagen stimulyasiyasına kömək edir. Yəni burada qidalanma daxildir. Vaxtı-vaxtında yatmaq, idmanla məşğul olmaq, düzgün dəri baxımı və mütəxəssis tərəfindən sizə tətbiq olunan kosmetoloji prosedurlar vacibdir.
– Biorevitalizasiya, PRP və kollagen stimulyatorları doğrudanmı dolğuların alternatividir?
– Dolğuların alternativi deyil biorevitalizasiya, PRP və kollagen stimulyatorları. Çünki adları çəkilən bütün prosedurlar ayrı-ayrı funksiyalar yerinə yetirir. Dolğunun ayrı tətbiq sahəsi var, biorevitalizasiyanın ayrıca tətbiq sahəsi var, plazmaterapiya başqa təsirlərə malikdir və kollagen stimulyatorları da fərqli təsir göstərir. Yəni bunların hər biri ayrı-ayrılıqda lazımdır və yerində tətbiq olunaraq seçilməlidir.
– Həddindən artıq və tez-tez edilən dolğuların uzunmüddətli nəticələri nə ola bilər?
– Uzun müddət tez-tez və çox miqdarda vurulan dolğular, lazımi yerə və lazımi miqdarda vurulmadıqda, gələcəkdə həmin nahiyədə boşluq əmələ gələ bilər, dəri sallanması, yəni ptoz baş verə bilər.
– Pasiyentlərə kosmetoloji prosedurlardan və ya estetik dəyişikliklərdən əvvəl hansı əsas məsləhətləri verərdiniz?
– İlk növbədə qeyd etmək istəyirəm ki, sağlam dəri yalnız prosedurlarla formalaşmır. Bütün tibbi ixtisaslarda olduğu kimi, bizim sahədə də əsas baza sağlam həyat tərzidir.
Birinci məqam qidalanmadır. Həddindən artıq şəkər və un məmulatlarının qəbulu metabolizmi zəiflədir, iltihabi prosesləri artırır və bu, birbaşa dərinin görünüşünə təsir edir. Dəri keyfiyyəti daxildən başlayır.
İkinci vacib faktor stressdir. Stress zamanı qan dövranı pozulur, hüceyrələrin qidalanması zəifləyir və nəticədə dəri daha tez yaşlanır, solğun və yorğun görünür.
Üçüncü məqam günəşdən qorunmadır. Nəzarətsiz günəş şüaları dəri hüceyrələrini zədələyə, piqment ləkələrinin yaranmasına və erkən qocalmaya səbəb ola bilər. Günəş qoruyucu vasitələr mütləqdir.
Və ən əsası fiziki aktivlik. İdman qan dövranını yaxşılaşdırır və dəriyə daha çox qan gəldiyinə görə dəri daha yaxşı qidalanır, rənginə, elastikliyinə və ümumi görünüşünə müsbət təsir göstərir.
Yəni estetik prosedur düşünən hər bir pasiyent bilməlidir ki, ən yaxşı nəticə sağlam həyat tərzi ilə birlikdə əldə olunur. Prosedur yalnız tamamlayıcıdır, əsas baza isə daxili balansdır.
Və bir də ki, əsasən dəri baxımı. Dəri baxımı da çox önəmlidir. Ev şəraitində istifadə etdiyimiz baxım vasitələri də buraya daxildir. Düzgün ev baxım məhsullarından istifadə etmək vacibdir. Pasiyentlər mütləq şəkildə öz həkim-kosmetoloqları ilə məsləhətləşməlidirlər ki, onların dərisinə və yaşına uyğun hansı vasitələrdən istifadə olunmalıdır. Çünki hər məhsul hər dəri üçün uyğun deyil.
Düzgün seçilmiş ev baxımı həm prosedurun effektini artırır, həm də nəticəni daha uzun müddət qoruyur.
Zahra klinikasının instagram səhifəsinə keçid: https://www.instagram.com/zahraclinic.az/