Müsahibə
Enerji nöqtələri ilə müalicə: Uşaqdan böyüyə hər kəs üçün vacibdir –
Müsahibə
278

Enerji nöqtələri ilə müalicə: Uşaqdan böyüyə hər kəs üçün vacibdir – MÜSAHİBƏ

Bədənin enerji nöqtələri sağlamlığımızın görünməyən, amma çox vacib tərəfidir.

Mövzu ilə bağlı Zahra klinikasının Nöqtəvi Müalicə mütəxəssisi, Enerji Terapevti Natiqə Mahmudova E-saglam.az-a müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik:

– Enerji nöqtələri anlayışı nədir və bu mövzuya ilk dəfə rastlaşan oxucu bunu necə başa düşməlidir?

– Enerji nöqtələri bədənin daxilində enerji axınının cəmləndiyi xüsusi sahələrdir. Şərq təbabətində bu nöqtələr bədənin özünü tənzimləmə mexanizminin bir hissəsi hesab olunur. Sadə desək, bədənimiz yalnız fiziki deyil, eyni zamanda enerjisəl bir sistemdir və bu sistemdə tarazlıq olduqda özümüzü daha rahat və sağlam hiss edirik.

– Energetik balans pozulduqda bədən bunu hansı fiziki və emosional əlamətlərlə göstərir?

– Enerji balansı pozulduqda bədəndə səbəbsiz yorğunluq, gərginlik, yuxu problemləri, baş və bel ağrıları yarana bilər. Emosional tərəfdən isə əsəbilik, narahatlıq, motivasiya itkisi və daxili boşluq hissi özünü göstərə bilər.

– Müasir həyat tərzi enerji balansına necə təsir edir?

– Daimi stress, sürətli həyat tempi, texnologiya ilə uzunmüddətli təmas insanı öz bədənindən uzaqlaşdırır. Bu da enerji axınının zəifləməsinə və balansın pozulmasına səbəb olur. Bədən istirahətə ehtiyac duyur, amma biz çox zaman bu siqnalları görməzlikdən gəlirik.

– Təcrübənizə görə insanlarda ən çox hansı enerji nöqtəsi bloklanır və niyə?

Ən çox ürək və günəş siniri (qarın nahiyəsi) ilə əlaqəli enerji nöqtələrində blokaj müşahidə olunur. Bunun əsas səbəbi bastırılmış emosiyalar, özünü ifadə edə bilməmək və uzunmüddətli stressdir.

– Emosional yüklər enerji nöqtələrində necə iz buraxır?

– Hər emosiyanın bədəndə bir izi olur. Uzun müddət ifadə olunmayan qorxu, qəzəb və kədər enerji nöqtələrində sıxılma yaradır. Bu sıxılma zamanla həm enerjisəl, həm də fiziki narahatlığa çevrilə bilər.

– Enerji balansının pozulması fiziki ağrılarla əlaqəli ola bilərmi?

– Bəli. Çox zaman səbəbi tapılmayan xroniki ağrıların arxasında enerji balansının pozulması dayanır. Enerji axını bərpa olunduqda, bədən özünü sağaltma prosesinə daha rahat daxil olur.

– Enerji nöqtələri ilə müalicə hansı hallarda tövsiyə olunur?

– Bütün hallarda uşaqdan- böyüyə hər kəsə lazımdır enerji nöqtələrinin açılışı. Daimi yorğunluq, stress, emosional yüklənmə, səbəbsiz ağrılar və daxili narahatlıq olduqda enerji işi çox faydalı ola bilər. Bu yanaşma bədəni bütöv şəkildə dəyərləndirir.

– Bu sahədə ən çox rast gəlinən yanlış inanclar hansılardır?

– Ən böyük yanlış inanclardan biri enerji işinin mistik və ya elmi əsası olmayan bir sahə kimi qəbul edilməsidir. Əslində bu, bədən və emosiyalar arasındakı əlaqəni anlamağa yönəlmiş tamamlayıcı bir yanaşmadır.

– İnsan gündəlik həyatında enerji balansını qorumaq üçün nə edə bilər?

– Düzgün nəfəs, bədənə qulaq asmaq, emosiyaları bastırmamaq, keyfiyyətli yuxu və özünə vaxt ayırmaq enerji balansını qorumağın əsas yollarındandır.

– Enerji balansı bərpa olunduqda hansı dəyişikliklər müşahidə olunur?

– İnsan özünü daha yüngül, rahat və enerjili hiss edir. Emosional stabillik artır, yuxu və ümumi həyat keyfiyyəti yaxşılaşır.

– Bu mövzu ilə yeni maraqlanan oxuculara əsas mesajınız nədir?

– Bədəniniz sizinlə daim danışır. Onu dinləməyi öyrənin. Enerji balansı – sağlamlığın görünməyən, amma çox vacib tərəfidir.

Zahra klinikasının instagram səhifəsinə keçid: https://www.instagram.com/zahraclinic.az/

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun