Kassa çekləri ilə bağlı əhaliyə xəbərdarlıq edilməlidir - Açıqlama
Kassa çekləri ilə bağlı əhaliyə xəbərdarlıq edilməlidir - Açıqlama

Gündəlik alış-veriş zamanı əldə etdiyimiz çeklərin üzərində insan sağlamlığı üçün təhlükləli maddələr var. Belə ki, həmin çeklərdəki yazılar isti ilə birbaşa təmasa girdikdə rənginin qaraldığı görülür.

E-saglam.az xəbər verir ki, lakin adi kağızlarda bu hal baş vermir. Həmçinin, bu çeklərdə “Bisfenol A” maddəsindən istifadə olunduğu da bildirilir. Bu maddəyə isə əllə toxunmaq çox təhlükəlidir.

Bəs, bu çeklər insan həyatı üçün hansı təhlükələr törədir? Bundan necə qorunmaq olar?

Məsələ ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Bakupost.az-a açıqlamasında bildirib ki, çap prosesində istifadə olunan bəzi maddələr həqiqətən də insan həyatı üçün təhlükəlidir:

“Çapın müxtəlif növləri mövcuddur. Məsələn, boya ilə, “zero” boya (sıfır boya) texnologiyası var. “Zero” boya ən müasir texnologiyalardan biridir. Burada, ümumiyyətlə, boyadan istifadə edilmir. Xüsusi kimyəvi maddələrin reaksiyasından vərəqdə dəqiq ədədlər yaranır. Termoprint (istilik) texnologiyası da mövcuddur. Bu çeklərdə də termoprintdən istifadə olunur. Bu texnologiyalarda istifadə edilən maddələrin də insan orqanizminə müəyyən zərərləri olur. Printerlə işləyən şəxslər su içməzdən, yemək yeməzdən öncə mütləq əllərini yumalıdır. Ümumiyyətlə, onların əlcəkdən istifadə etmələri məsləhət görülür”.

A.Qeybulla bildirib ki, çeklərin zərərləri barədə xüsusi araşdırma aparılmalı və əhaliyə xəbərdarlıq edilməlidir:

“Bu məsələ yavaş-yavaş qaldırılır. Problemin aradan qaldırılması ilə bağlı hansı addımın atılacağını demək çətindir. Hələ ki dünyada bununla bağlı həyəcan təbili yoxdur. Çeklərdə istifadə olunan kağızların keyfiyyət parametrində problemlər ola bilər. Birmənalı söz demək mümkün deyil. Elmi araşdırmalar lazımdır. Elmi mərkəzlərin xəbərdarlığı olmasa, konkret rəy irəli sürmək subyektiv olacaq. Bu cür narahatlıqların ortaya çıxması araşdırma aparmağa əsas verir”.