Terapevt Olqa Suxareva qaynar qəhvə içməyin kəskin respirator virus infeksiyalarına yoluxma riskini artıra biləcəyini bildirib.
E-saglam.az-ın məlumatına görə, o, bu mövzu ilə bağlı fikirlərini Telegram kanalında paylaşıb.
Həkimin sözlərinə görə, ARVI viruslarının orqanizmə daxil olması üçün onların ağız boşluğu, burun-udlaq və ya gözün selikli qişasındakı hüceyrələrə nüfuz etməsi lazımdır. Asqırma və ya öskürək zamanı viruslar birbaşa xəstəlik yaratmır, əvvəlcə selikli qişanın səthində qalır və uyğun şərait yarananda hüceyrələrə daxil olur.
Suxareva qeyd edib ki, çox isti qəhvə və digər qaynar içkilər boğazın selikli qişasını zədələyə bilər. Bu isə onun qoruyucu funksiyasını zəiflədir və virusların bədənə daxil olmasını asanlaşdırır. Yəni yanıq və quruluq yaranan selikli qişa infeksiyalara qarşı daha həssas olur.
O bildirib ki, belə hallarda sadə su içmək belə qoruyucu rol oynaya bilər. Su selikli qişanı nəmləndirir, virusların konsentrasiyasını azaldır və onların orqanizmə daxil olma ehtimalını zəiflədir. Bu zaman az sayda virusla yerli immunitet sistemi daha rahat mübarizə apara bilir.
Terapevtin sözlərinə görə, infeksiyaların qarşısını almağın əsas yollarından biri selikli qişanın sağlam və nəmli qalmasını təmin etməkdir. Buna görə də çox qaynar içkilərdən uzaq durmaq, kifayət qədər su içmək və boğazı qıcıqlandıran vərdişlərdən çəkinmək xüsusilə payız-qış mövsümündə vacibdir.
Tərcümə: Könül Oruc