İspaniyada həkimlər tibbi yardımla həyata son qoyan donorun üz toxumasından istifadə edərək dünyada ilk dəfə üz nəqli əməliyyatını uğurla həyata keçiriblər.
E-saglam.az xəbər verir ki, bu, mürəkkəb transplantasiya və rekonstruktiv cərrahiyyə sahəsində yeni bir mərhələ hesab olunur. Ölkədə bu prosedur 2021-ci ildən qanunidir.
Əməliyyat Barselonadakı Vall d'Hebron Universitet Xəstəxanasında aparılıb. Xəstə nəfəs alma, danışmaq və yemək kimi əsas funksiyaları çətinləşdirən ağır infeksiya nəticəsində üz toxumasında ciddi zədələnmə yaşamışdı. Nəql edilən toxuma onun üzünün qismən bərpasına və funksiyaların yenidən formalaşmasına imkan verib.
Donor tibbi yardımla həyata son qoyulacağından əvvəl orqan və toxumalarını bağışlamağa yazılı razılıq vermişdi. Bu razılıq həkim qrupuna əməliyyata yüksək dəqiqliklə hazırlaşmağa şərait yaradıb.
Cərrahiyyəyə Vall d'Hebron xəstəxanasının Plastik Cərrahiyyə və Yanıqlar şöbəsinin müdiri Dr. Joan Pere Barret rəhbərlik edib. Təxminən 100 nəfərlik komanda – cərrahlar, anestezioloqlar, tibb bacıları, mikrocərrahiyyə, immunologiya və psixi sağlamlıq üzrə mütəxəssislər – əməliyyatda iştirak edib.
Bu tip əməliyyatlar dəri, əzələ, sinir və sümüklərin köçürülməsini tələb edir və toxumanın orqanizm tərəfindən rədd olunmaması üçün xəstə ömürlük immunosupressiv terapiya almalıdır. Buna görə əməliyyat öncədən uzunmüddətli hazırlıq və sonradan daimi nəzarət tələb edir.
Xəstəxana bildirib ki, prosedur bütün etik və hüquqi qaydalara uyğun icra olunub və bu irəliləyiş donorun və ailəsinin böyük səxavəti sayəsində mümkün olub.
Tərcümə: Könül Oruc