“İnsan bədənində əsas fiqurlardan biri insulindir. Bu hormondan yağ yandıran hormonlar biraz çəkinir”
E-saglam.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov Moderator.az-a açıqlamasında deyib.
“İnsulin ortalıqda çox görünərsə yağ yandıran, piyi əridən hormonlar işləyə bilmir, beləliklə insulin lazımından çox olarsa insan kökəlir.
Amma o lazımsız da deyil. İnsulinin qolu, imzası olmazsa qlukoza və amin turşular qandan hüceyrələrə keçə bilməz. Hüceyrələrimiz aclıq çəkər. Ac vəziyyətdə də heç bir hüceyrə normal fəaliyyət edə bilməz. Bütün orqanların funksiyası pozular.
İnsulin insan bədənində ən çox yerindən oynadan şiriniyyatdır. Vay o günə ki şiriniyyat yeyilən günlərin sayı çox olsun.
İnsulin dirəncini gəlin başqa bir misalla izah edim. İnsan az miqdarda spirtli içki içsə keyfi yaxşı olur, hətta azca faydası var. Amma hər gün mütəmadi içki içərsə məcburən dozanı artırmalı olur. Çünkü əvvəlki doza daha effekt vermir. Əvvəlki kimi piyan olması üçün insan alkoqolun dozasını hər gün artırır və qaraciyər sıradan çıxır.
Eləcə də insulinə davamlılıq bu cür yaranır. Hər gün şiriniyyat yedikdə əvvəlki insulinin sözü keçmir. Daha çox insulin tələb olunur. Pankreas həmin miqdarda qlukoza üçün daha çox insulin yaratmağa məcbur qalır. İnsulin qanda çoxalır. Ortada bu qədər insulin varsa piy yandıran hormonlar gizləndikləri yerdən qətiyyən çıxmazlar”.