Ölüm doulası Daria Turçuk insanların həyatlarının son günlərində geriyə dönüb nələri dəyişmək istədikləri barədə düşünmələrindən danışıb.
E-saglam.az xəbər verir ki, o, insanların ölüm ayağında ən çox hansı məsələlərə görə peşman olduqlarını açıqlayıb.
Turçukun sözlərinə görə, insanlar ölməzdən əvvəl ən çox yaxınları ilə münasibətlərini düşünürlər. Onlar deyilməmiş sözlərə, ifadə olunmamış hisslərə, baş tutmamış səmimi söhbətlərə və mübahisədən sonra barışmaq üçün ilk addımı atmamağa görə peşman olurlar.
Mütəxəssis həmçinin qeyd edib ki, insanlar həyatları boyu sahib olduqları sağlamlığın və gündəlik sadə imkanların dəyərini çox vaxt gec anlayırlar. Yeməyin dadından zövq almaq, rahat gəzmək, duş qəbul etmək və sevdikləri insanlarla vaxt keçirmək kimi adi görünən şeylər həyatın sonunda daha böyük əhəmiyyət qazanır.
Turçukun sözlərinə görə, insanların dilə gətirdiyi peşmanlıqlar arasında çox işləmək, həyatı daim təxirə salmaq və yaxınları ilə kifayət qədər vaxt keçirməmək də var.
O, həmçinin insanların başqalarının gözləntilərinə uyğun yaşamaqdan və öz istəklərinin ardınca getməyə cəsarət etməməkdən peşman olduqlarını bildirib.
Mütəxəssis insanların həyatlarının sonunda tez-tez “Çox işlədim”, “Həyatı təxirə saldım”, “Sevdiklərimlə kifayət qədər vaxt keçirmədim” və “İstədiyim kimi yaşamağa cəsarətim çatmadı” kimi fikirləri dilə gətirdiyini vurğulayıb.
Tərcümə: Könül Oruc