Tayvanda yaşayan bir kişi, uzun illər eyni termosdan istifadə etməsi nəticəsində ağır metal zəhərlənməsindən həyatını itirib. Araşdırmalar göstərib ki, ölümün səbəbi termosun daxili səthində yaranmış pas və metal sızması olub.
E-saglam.az-ın məlumatına görə, təxminən bir il əvvəl sağlamlıq problemləri yaşayan kişinin xəstəxanada aparılan müayinələrində orqanizmində ağır metal səviyyəsinin yüksək olduğu müəyyən edilib. Həkimlərin araşdırması nəticəsində məlum olub ki, o, 10 il ərzində hər gün eyni termosdan istifadə edib. Termosun paslı daxili səthi, qəhvə, çay və meyvə suyu kimi turşulu içkilərlə reaksiyaya girərək metalların içkiyə qarışmasına səbəb olub.
Məlum olub ki, termos illərlə düzgün təmizlənmədən istifadə edilib. Paslı səthdən içkilərə keçən ağır metallar zamanla kişinin immunitet sistemini zəiflədib, bu da sətəlcəm və ağırlaşmalarla nəticələnib.
Həkimlər bildirirlər ki, paslı metal qablar, xüsusilə də karbonatlı və turşulu içkilərin saxlanması zamanı, metalların içkiyə keçməsinə və sağlamlıq üçün təhlükə yaratmasına səbəb ola bilər. Onlar 304 keyfiyyətli paslanmayan poladdan hazırlanmış termoslardan istifadə etməyi, onları mütəmadi olaraq təmizləməyi və hər hansı pas və ya zədələnmə aşkarlandıqda dərhal dəyişdirməyi tövsiyə edirlər.
Səlahiyyətlilərin sözlərinə görə, termoslar orta hesabla hər 2-3 ildən bir dəyişdirilməlidir. Daxili səthdə aşınma və ya pas əmələ gəldiyi anda istifadədən çıxarılmalıdır.
Tərcümə: Könül Oruc