Tibbi xəbərlər
İki ÖZƏL klinikadan şikayət: "19 yaşlı qızıma yanlış xərçəng diaqnozu qoydular, sonra isə..." 
Tibbi xəbərlər
1133

İki ÖZƏL klinikadan şikayət: "19 yaşlı qızıma yanlış xərçəng diaqnozu qoydular, sonra isə..."  + Klinikalardan AÇIQLAMA

Bir neçə gün öncə E-saglam.az saytına Vüsalə Əliyeva adlı valideyndən qızının başına gələnlərlə bağlı şikayət daxil oldu.

E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalı olaraq şikayəti araşdırdıq. 

Valideynin şikayətini sizlərə olduğu kimi təqdim edirik:

"2023-cü ilin noyabr ayında qızım Məhərrəmli Leyla Seyhun qızının sağrı nahiyəsində olan səthi xal ağrı verməyə başlamışdı. Özü tibbi oxuyurdu deyə dedi ki, "Ana, dedilər "Modern Hospital"a get, orada xala baxsınlar". Biz ana-bala ora gedəndə bizi Elvina adlı həkimə yönləndirdilər. Elvina doktor qızımı USM-ə yolladı. USM-də xalın altında balaca bir kütlə göründü. Həkim bizə xalı götürməyi məsləhət gördü. Təcili tibbi yardım otağında özü 9 ədəd "Novakain" istifadə etməklə qızımdakı xalı dərin kəsərək götürdü. Sonra əkilməsi üçün onu "Memorial Hospital" a verməyimizi məsləhət gördü. "Memorial Hospital" bizə cavab olaraq uşağın 5-ci dərəcəli xərçəng olduğunu qeyd olunan kağız verdi. Bunlar sənəd üzərində sübutlarla var. Bizi ailəlikcə elə bir duruma saldılar ki, bir gecədə saçlarım ağardı. Mən ana olaraq o qədər qorxmuşam ki, hələdə özümə gələ bilmirəm. Qızım özü psixolojı olaraq çox sarsıldı ve qorxu keçirdi. Hətta o dərəcəyə çatmışdı ki, imtahanlara belə qatılmaqdan imtina etdi. Qızımın təhsilinə, gələcəyinə zərər dəydi. 

Yaxın rəfiqələrimdən biri başımıza gələnləri eşidəndə dedi ki, onun anasına da bu diaqnoz qoyulub, bir nəticəyə inanmayıb başqa yerə müraciət edək. Biz də həmin xalın bloklarını əkilməsi üçün ölkənin 4 xəstəxanasına  - Live Bona Dea Hospital, Bakı Patologiya Mərkəzi, Nüvə Təbabəti Mərkəzi və Milli Onkologiya Mərkəzinə ayrı-ayrı vaxtlarda verdik. Nəticədə qızımın xəstə olmadığı bunun sadəcə "Mavi Nevus" adlı xal olduğu bilindi. Hər birindən eyni cavabın gəlməsi bizi həm sevindirdi, həm üzdü. Sevindik ki övladımız sağlamdır, üzüldük ki, bəs biz bu qədər qorxunu, həyəcanı niyə yaşadıq?! Klinikada məsul şəxslərə müraciət etdik. Həm "Modern hospital", həm də "Memorial hospital" bizi qovmaqdan betər etdi. Xahiş edirəm, müraciətimin yayımlanmasına köməklik göstərəsiniz. Qanunla hər kəs cəzasını alsın".

Vüsalə Əliyevanın şikayəti ilə bağlı hər iki özəl klinika ilə əlaqə saxladıq. Klinikaların mövqeyini də sizlərə təqdim edirik:

“Memorial Klinik” MMC-nin Direktoru Fizuli Məmmədovun E-saglam.az-a açıqlaması

"Saytınıza daxil olmuş 21.05.2004-cu il təvəllüdlü Məhərrəmli Leyla Seyhun qızının analiz nəticəsi ilə bağlı Memorial Klinik MMC barədə şikayət ərizəsi ilə tanış olduq.  

İlk olaraq qeyd etmək istəyirik ki, 11.06.2024-cü il tarixdə özünü Leyla Məhərrəmlinin valideyni kimi təqdim edən Vüsalə xanım tibb müəssisəmizə müraciət etmişdir. Valideyn tərəfimizdən qəbul olunub, fikirləri dinlənilib, təqdim etdiyi fərqli patohistoloji nəticələrin hamısının eyni metodla yoxlanıldığı, yaxşı olar ki daha müasir metodlarla müayinələrin aparılması məsləhət görülüb və bu müayinələrin valideynin istədiyi yerdə və ölkədə aparmağın mümkünlüyü, aparılan müayinələrin klinikanın öz üzərinə götürəcəyi, hal-hazırda mövcud olan fərqli patohistoloji nəticələrin ekspert rəyləri olmadan hansının doğru, hansının yalnış olduğunu söyləməyin subyektiv fikir olduğu bildirilmişdir. Müvafiq  patohistoloji material 2023-cü ilin dekabr ayından uşağın valideynində olduğu üçün klinika öz tərəfindən müasir metodlarla müayinələrin aparılmasını həyata keçirə bilməmişdir. Bizim diaqnozu dəqiqləşdirmək məqsədilə yardım etmək istəklərimizə baxmayaraq, şikayətçi valideyn tibb müəssisəmizə təzyiqlər etmək məqsədilə şikayət və şantaj xarakterli mövqeyini müxtəlif onlayn media subyektlərində dərc etdirməyə üstünlük vermişdir. Memorial Klinik olaraq yenə də diaqnozu dəqiqləşdirmək üçün valideynə əlimizdə olan imkanlardan çıxış edərək kömək etməyə hazırıq! 

Sorğunuzda bildirdiyiniz digər məlumatların verilməsini isə hüquqi baxımdan qeyri-mümkün hesab edirik. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən  vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. 

Həmin maddəyə əsasən belə sirri təşkil edən məlumatlar yalnız pasiyentə və ya onun qanuni nümayəndəsinə, səlahiyyətli dövlət orqanlarına və pasiyentin razılığı ilə üçüncü şəxslərə verilə bilər. 

Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyətinə səbəb olur.
Xahiş edirik nəzərə alasınız".

"Modern" Hospitalın direktoru Taryel Ömərovun E-saglam.az-a açıqlaması

"Tərəfinizdən ünvanlanan sorğuya cavab olaraq, diqqətinizə çatdırmaq istəyirik ki, pasiyent Məhərrəmli Leyla Seyhun qızı 17 noyabr 2023-cü il tarixdə sağrı nahiyəsində olan şişkinlik və ağrı şikayəti ilə klinikaya müraciət etmiş, həkim ümumi cərrahın qəbulunda olmuş və “yumşaq toxuma” ultrasəs müayinəsi keçmişdir. Müayinə nəticəsində pasiyentdə “15x11 mm ölçüdə əzələ qatına sirayət edən düzgün girdə formalı hiperexogen kütlə” aşkar olunmuşdur. 26 noyabr 2023-cü il tarixdə yerli anesteziya altında “Dərialtı törəmənin sağlam toxuma sərhədində kəsilib götürülməsi” əməliyyatı icra olunmuşdur.

Əməliyyatdan sonra çıxarılan törəmə histoloji müayinəyə yoxlanılması üçün pasiyentin yaxınları tərəfindən, evlərinə yaxın olması səbəb gətirərək "Memorial" klinikasına aparılmışdır. İlkin olaraq müayinənin nəticəsi bədxassəli qeyd olunmuşdur. Histoloji müayinə nəticəsini aldıqdan sonra pasiyent axşam saatlarında həkimə zəng etmiş və pasiyenti qeyri-iş saatı olduğundan həkim evinə dəvət edərək, ona tövsiyələr vermiş, bir klinika cavabı ilə qane olmamağı bildirirək bir neçə klinikada yenidən yoxlanılması həkim tərəfindən məsləhət görülmüşdür. Pasiyentin digər klinikalarda müayinə nəticəsi xoşxassəli olaraq təsdiqlənmişdir. Bu müddət ərzində pasiyent həkim ümumi cərrahın nəzarətində olmuşdur. Lakin qeyd olunanlara baxmayaraq, pasiyent əsassız olaraq həkimdən şikayətçi olmuşdur".

Pasiyentin anası tərəfindən göndərilən analiz nəticələri fotolarda əks olunub.

Hazırladı: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun