Tibbi xəbərlər
İcbari tibbi sığorta hesabına 700 minə yaxın
Tibbi xəbərlər
261

İcbari tibbi sığorta hesabına 700 minə yaxın fizioterapiya xidməti göstərilib

Fizioterapiya fiziki amillərdən istifadə etməklə tibbi müalicə və profilaktika metodudur. Bu müalicə metodu pasiyentlərin sağalma periodunun sürətləndirilməsinə və qısa müddətdə normal həyat tərzinə qayıtmasına yardım edir.

Bu barədə E-saglam.az-a İTSDA-dan məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 77 sayda fizioterapiya və reabilitasiya xidməti daxildir. Elektroterapiya, maqnit, lazer, dalğa terapiyaları, vannalar, inhalyasiya, aerozol terapiyası, ultrabənövşəyi və infraqırmızı şüalarla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, reabilitasiya xidmətləri və digərləri icbari tibbi sığorta ilə qarşılanır. 

Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib.
Fizioterapiya xidmətləri kurs müalicə şəklində icra edilir. Müalicənin müddəti diaqnozdan və xəstəliyin ağırlıq dərəcəsindən asılı olur. Bir kurs müalicə 8-10, 10-12, bəzi hallarda isə 14-20 günlük dövrü əhatə edir. Müalicə müddəti də individual yanaşma əsasında təyin olunur. İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Belə ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşıb, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər. Qeyd edək ki, qazilərə icbari tibbi sığorta ilə göstərilən fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq edilmir və onlar bu tibbi prosedurlardan növbəsiz şəkildə yararlana bilərlər.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında icra olunur.

Qeyd edək ki, fizioterapiyada ən geniş istifadə edilən müalicə metodlarına elektroforez və fonoforezi misal göstərmək olar. Pasiyentin diaqnozu və patoloji prosesin lokalizasiyasından asılı olaraq dərman preparatları orqanizmin lazımi sahəsinin dəri və dərialtı toxumalarına, selikli qişalarına ultrasəs, elektrik cərəyanı ilə ötürülür.

Fizioterapiya təyin olunan zaman xəstənin diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, ümumi vəziyyəti, yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri, fiziki və psixi xüsusiyyətləri, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s. nəzərə alınır. Müalicə üsulları seçimi ixtisaslı həkim tərəfindən pasiyentin diaqnozu və sadalanan amillər əsasında individual yanaşma ilə təyin edilir. Fizioterapiya təyinatına hipertoniya, istənilən lokalizasiyalı və etiologiyalı şişlər, epilepsiya tutmaları, pasiyentdə kardiostimulyatorun olması, qanaxma, qan xəstəlikləri, kaxeksiya və s. kimi ümumi əks-göstərişlər mövcuddur. 

Fizioterapiya müalicə müddətinin qısaldılmasına, müalicə imkanlarının genişləndirilməsinə, dərman maddələrinin effektivliyini yüksəltməyə kömək edir. Sözügedən müalicə metodu bir çox xəstəliklərdə tətbiq olunur. Məsələn, nevroloji, travmatoloji, revmatoloji, burun, qulaq, boğaz, ağciyər, sinir-əzələ xəstəlikləri, osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik, sümük-dayaq sisteminin digər xəstəlikləri və s. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun