Diabet və hipertoniya xroniki böyrək çatışmazlığının ən əhəmiyyətli səbəblərindən biridir. Duz istehlakı artdıqca hipertoniya riski də artır. Duzun məhdudlaşdırılması, müntəzəm məşq və arıqlamaq kimi həyat tərzi dəyişiklikləri xroniki böyrək çatışmazlığının qarşısını almaqda təsirlidir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Dr. Rəna Ömürovanın sözlərinə görə, böyrək çatışmazlığı kəskin və ya xroniki ola bilər: "Kəskin böyrək çatışmazlığı birdən-birə həftələr və ya günlərlə qısa müddət ərzində inkişaf edən xəstəlik olsa da, 3 aydan çox davam edən böyrək funksiyasının pozulması xroniki sayılır. Kəskin böyrək çatışmazlığı tez-tez idarə oluna bilsə də, xroniki çatışmazlıq mütərəqqi və daimi ola bilər. Xüsusilə, xroniki böyrək çatışmazlığının qarşısının alınması və müalicəsi lazımdır. Böyrək çatışmazlığı bütün orqanlara təsir edə biləcək ciddi nəticələrə səbəb ola bilər".
Hipertoniya və diabet böyrək çatışmazlığına səbəb olur
Diabet və hipertoniya xroniki böyrək çatışmazlığının əsas səbəbləridir. Yəni xroniki böyrək çatışmazlığının 60 faizi bu iki sağlamlıq problemindən qaynaqlanır. Bu xəstəliklər duzun həddindən artıq istifadəsi ilə sıx bağlıdır.
Dr. Rəna Ömürova böyrək çatışmazlığının digər səbəblərini nefrit adlanan böyrək iltihabları, sidik yollarının infeksiyaları, daş xəstəlikləri, genetik xəstəliklər və böyrəyin kistoz xəstəlikləri kimi sadaladı.
Duz qəbulunu azaltmağa kömək edəcək məsləhətlər
Dr. Rəna Ömürova həddindən artıq duz istehlakının qan təzyiqini yüksəltdiyinə və damarlarda təzyiqi artıraraq böyrəklərə zərər verdiyinə diqqət çəkib: "Duz istehlakını azaltmaq üçün müəyyən qaydalara əməl edə bilərsiniz. Belə ki, yemək bişirərkən istifadə etdiyiniz duzun miqdarını yavaş-yavaş azaldın, ağız dadı zamanla az duza alışacaq. Yeməklərinizi dadlandırmaq üçün duz yerinə müxtəlif ədviyyatlar, şüyüd, cəfəri, limon və sarımsaqdan istifadə edin. Uşaqlarınızın yeməklərinə duz əlavə etmək vərdişinin yaranmasının qarşısını almaq üçün süfrənizdən duz və duzlu sousları çıxarın. Hazır qidaları almadan əvvəl onların etiketlərini oxuduğunuzdan əmin olun. Tərkibində az duz olanları seçin. Turşu, konserv, turşu yarpaqları, zeytun və pendir kimi qidaları istehlak etməzdən əvvəl mütləq yuyun və ya isladın. Daha çox təzə tərəvəz və meyvələrdən istifadə edin.
Tərcümə etdi: Könül Oruc