Xəstəliklər
Hindistanda Nipah virusu ilə bağlı
Xəstəliklər
108

Hindistanda Nipah virusu ilə bağlı xəbərdarlıq edilib

Hindistanın Qərbi Benqal əyalətində ölümcül Nipah virusu (NiV) halları aşkarlanıb. Kalkuttaya yaxın ərazidə yerləşən özəl xəstəxanada çalışan iki tibb bacısının virusa yoluxduğu, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

E-saglam.az-ın məlumatına görə, tibb bacıları ağır tənəffüs simptomları olan və sonradan vəfat edən bir xəstədən yoluxmuş ola bilərlər. Hadisədən sonra bölgədə genişmiqyaslı tədbirlər görülməyə başlanıb. İndiyədək 180 nəfər testdən keçirilib və nəticələr mənfi çıxıb. Bununla yanaşı, “yüksək riskli təmasda olanlar” kimi müəyyən edilən 20 nəfər nəzarət altına alınıb.

Səlahiyyətli qurumlar virusun mənbəyini müəyyənləşdirmək üçün meyvə yarasalarından da nümunələr götürürlər. Çünki Nipah virusunun əsas təbii daşıyıcıları məhz bu yarasalar hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusunu dünyada genişmiqyaslı epidemiyalara səbəb ola biləcək ən təhlükəli viruslardan biri kimi qiymətləndirir. Virus əsasən meyvə yarasalarından insanlara, həmçinin yoluxmuş heyvanlarla təmas və ya çirklənmiş qida məhsullarının istifadəsi yolu ilə ötürülür. Bundan başqa, insandan insana da tənəffüs yolları vasitəsilə keçə bilər.

Nipah virusuna yoluxma zamanı qızdırma, baş ağrısı, halsızlıq, qusma və tənəffüs çətinliyi müşahidə oluna bilər. Ağır hallarda xəstəlik beyin iltihabına (ensefalitə) səbəb olur və qısa müddətdə həyati təhlükə yarada bilər.

ÜST-ün məlumatına görə, Nipah virusunda ölüm göstəricisi 40–75 faiz arasında dəyişir. Hazırda virusa qarşı təsdiqlənmiş peyvənd mövcud deyil və müalicə əsasən dəstəkləyici xarakter daşıyır.

Mütəxəssislər vətəndaşları gigiyena qaydalarına ciddi əməl etməyə, şübhəli simptomlar zamanı dərhal həkimə müraciət etməyə və rəsmi qurumların tövsiyələrinə riayət etməyə çağırırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun