
Yetkinlər üçün ideal yuxu müddəti gündə 7-9 saat hesab olunur. Ancaq müntəzəm olaraq 9 saatdan çox yatmaq metabolik pozğunluqlar, yuxu apnesi və idrak qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir.

E-saglam.az xəbər verir ki, sinə xəstəlikləri mütəxəssisi Prof. Dr. Sinem İliaz bildirir ki, həddindən artıq yuxu yalnız yorğunluq deyil, həm də ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Uzun müddət yuxunun sağlamlığa təsiri
Həddindən artıq yuxu yuxu apnesi, hipersomniya, depressiya, immun sistem pozğunluqları və hormon balanssızlığı ilə əlaqələndirilir. Bundan əlavə, Alzheimer və demans kimi idrak pozğunluqları, diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini artırdığı müşahidə olunub.
İtirilmiş yuxu bərpa oluna bilərmi?
Həftə içi kifayət qədər yatmayanların həftə sonları uzun müddət yataraq bunu kompensasiya etməyə çalışması yayılmış bir vərdişdir. Qısa müddətdə bu faydalı görünsə də, uzun müddət ərzində sağlam həll yolu deyil. Araşdırmalar göstərir ki, orqanizmin bioloji ritmi pozulduqda yuxu keyfiyyəti azalır və bu, fiziki və psixi sağlamlığa mənfi təsir göstərir.
Sağlam yuxu vərdişləri necə formalaşdırılmalıdır?
Sağlam və nizamlı yuxu üçün bəzi əsas vərdişlərin həyat tərzinə daxil edilməsi vacibdir. Hər gün eyni saatda yatıb oyanmaq bioloji ritmi qoruyur və yuxu keyfiyyətini artırır. Səhərlər günəş işığı almaq orqanizmin təbii dövranını tarazlaşdırmağa kömək edir. Gün ərzində ən az 30 dəqiqə fiziki aktivlik yuxunun keyfiyyətini artırır.
Axşam saatlarında kofein və spirt istehlakını məhdudlaşdırmaq yuxuya getməyi asanlaşdırır və fasiləsiz yuxu prosesini təmin edir. Gündəlik yorğunluğu azaltmaq üçün 20-30 dəqiqədən çox olmayan qısa yuxular enerji səviyyəsini artıra bilər. Stressin idarə olunması da yuxu keyfiyyətinə birbaşa təsir edir. Meditasiya, kitab oxumaq və ya rahat musiqi dinləmək daha rahat bir yuxu rejimi qurmağa kömək edir.
Yuxu balansı sağlamlıq üçün vacibdir
Nə çox az, nə də həddindən artıq yuxu sağlamlıq üçün idealdır. Daimi yorğunluq, yuxu pozğunluğu və ya həddindən artıq yuxuya ehtiyac hiss edən şəxslərin mütləq bir mütəxəssisə müraciət etməsi vacibdir. Keyfiyyətli və balanslı yuxu sağlam həyatın əsas şərtlərindən biridir.
Tərcümə: Könül Oruc