Hepatit nədir? Hansı növləri var və necə yayılır? Necə qorunmaq olar?
1. Hepatit nədir?
Hepatit qaraciyərin iltihablanması xəstəliydir. Bu xəstəliyə viruslar, alkoqol qəbulu, müəyyən dərmanlar və ya immun sistem problemləri səbəb ola bilər.
A, B və C virus növləri hepatit xəstəliyin ən çox yayılmış növləridir. Bununla yanaşı , virusun D və E kimi tanınan daha iki növü var, lakin bunlar olduqca nadirdir.
Viruslara yoluxan orqanizm iltihablanır - yəni bədən orqanının qorunma mexanizmi işə düşür.
Hepatit A, adətən, heç bir ciddi problem yaratmadan öz-özünə keçir. Hepatit B və ya C-nin yaratdığı iltihab isə xroniki hala gəlib, qaraciyərin uzunmüddətli zədələnməsinə və qaraciyərdə çapıq toxuması yaradaraq sirroz, qaraciyər çatışmazlığı və qaraciyər xərçənginə səbəb olur.
2. Hepatit A nədir və necə yayılır?
Hepatit A xəstəliyi hepatit A virusunun yaratdığı, qaraciyərə təsir edən və sarılıq ilə xarakterizə olunan yoluxucu xəstəlikdir.
Nəcislə yayıldığı üçün kirli su mənbələri və bu su ilə yuyulan qidalar virusun yayılması üçün böyük təhlükə yaradır. Buna görə də gigiyena ondan qorunmaq üçün əsas amildir.
ÜST-ün məlumatına görə, hər il 1,4 milyon hepatit A xəstəsi qeydə alınır.
Hepatit A:
Xəstəliyin daşıyıcılarının nəcisi ilə çirklənmiş, çiy və ya az bişmiş qida və içkilərdən (hətta mikroskopik miqdarda) istifadə etməklə;
Xəstənin nəcisi ilə çirklənmiş şəxsi əşyalarla təmasda olmaqla (uşaq bezi, alt paltarı, dəsmal və sair);
Çirkli, xlorlu olmayan hovuzlarda üzməklə;
Əllərini düzgün yumayan və ya çirklənmiş suda yuyan hepatit A infeksiyası olan şəxsin hazırladığı yeməyi yeməklə;
Çirkli su (buz kubları daxil olmaqla) içməklə;
Çiy və ya az bişmiş çirkli su-dəniz məhsullarını yeməklə;
Daha az hallarda hepatit A daşıyıcısı olan şəxslə cinsi əlaqə (xüsusilə anal cinsi əlaqə) ilə ötürülə bilər.
3. Hepatit A-nın simptomları nədir?
Hepatit A nadir hallarda qaraciyər çatışmazlığına və ölümə səbəb olur.
İştahsızlıq, göz ağlarının saralması, mədə və qarın ağrısı, qusma, tünd rəngli sidik, rəngsiz və ya solğun nəcis hepatit A-nın simptomları arasındadır.
Bu simptomlar, adətən, hepatit A virusu ilə yoluxduqdan 2-6 həftə sonra görünür və adətən, 2 aydan az davam edir və qaraciyərə heç bir zərər vermir.
Virusa yalnız bir dəfə yoluxmaq mümkündür, sonra ömürlük immunitet formalaşır.
Hepatit A-nın xüsusi müalicə üsulu və spesifik bir antivirus preparatı yoxdur, Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədova istinadla nazirliyin saytında yazılıb. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Onun sözlərinə görə, hepatit A xəstələrinə çoxlu dərman istifadəsi məqsədəuyğun deyil.
Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənddir. İki dozada vurulan peyvəndin qoruyuculuğu 94 –100 faiz olub, təsirini təxminən 20 il saxlayır.
Şəxsi gigiyena qaydalarına əməl etmək də hepatit A ilə mübarizənin təsirli yoludur.
4. Hepatit B nədir?
Hepatit B qaraciyərə təsir edən və hepatit B virusunun törətdiyi ciddi xəstəlikdir.
ÜST-ün 2019-cu il hesabatına görə, dünyada 296 milyon insan xroniki hepatit B infeksiyası ilə yaşayır və hər il 1,5 milyon insan bu virusa yoluxur.
ÜST-ə görə, 2019-cu ildə təxminən 820 min insan hepatit B virusu səbəbilə sirroz və qaraciyər xərçəngindən vəfat edib.
5. Hepatit B necə ötürülür?
Hepatit B virusu ona yoluxmuş şəxsdən qan, sperma, vaginal maye və ya digər bədən mayelərinin sağlam insanın bədəninə daxil olması yoluyla ötürülür.
Hepatit B doğuş zamanı anadan körpəyə keçə bilər.
ÜST-ün məlumatına görə, xəstəliyin geniş yayıldığı ərazilərdə hepatit B daha çox doğuş zamanı və ya uşaqlıq dövründə yoluxmuş şəxsin qanıyla təmas nəticəsində ötürülür. Xəstəliyin nadir olduğu bölgələrdə venadaxili narkotik istifadəsi və cinsi əlaqə ən çox yayılma yoludur.
Ötürülmə yolları:
• Doğuş zamanı yoluxmuş anadan körpəyə ötürülməsiylə;
• Yoluxmuş partnyorla cinsi əlaqədən sonra (sperma və ya vaginal maye vasitəsilə);
• Dərman yeridilməsi üçün istifadə edilən şprislər və sair materialların ümumi istifadəsi ilə;
• Ülgüc, diş fırçası və sair materialların ümumi istifadəsi ilə;
• Yoluxmuş şəxsin qanı və ya açıq yarası ilə birbaşa təmasdan sonra;
• Tibbi, cərrahi və diş prosedurları zamanı təsadüfən az miqdarda qan və ya digər infeksiyalaşmış bədən mayesinin sağlam insana düşməsi və ya yoluxmuş qanla çirklənmiş skalpel və digər tibbi avadanlıq vasitəsilə;
• Steril olmayan vasitələrlə döymə (tatuaj), pirsinq və akupunktur edilməsi ilə;
• Gözəllik salonlarında sterilizasiya olunmamış manikür və pedikür dəstlərinin istifadəsi ilə.
Hepatit B virusu bədəndən kənarda azı 7 gün yaşaya bilir. Bu müddət ərzində virus peyvəndlə qorunmayan bir insanın bədəninə daxil olarsa, yenə də infeksiyaya səbəb ola bilər.
Hepatit B eyni qabdan yemək və ya su qəbul etmək, ana südü ilə qidalanmaq, qucaqlaşmaq, əl sıxmaq, öskürmək, asqırmaq, eyni tualetdən istifadə etmək, eyni hovuzda çimmək, eyni oyuncaqlarla oynamaq, eyni nəqliyyat vasitəsi ilə səyahət etmək və sair ilə ötürülmür.
6. Hepatit B-nin əlamətləri nələrdir?
Hepatit B virusu qaraciyəri zədələməklə xəstəliyə səbəb olur. Ancaq virus ilkin mərhələdə qaraciyəri zədələyərkən heç bir simptom özünü biruzə vermir.
Xəstəlik irəlilədikcə, ya qaraciyər sirrozu, ya da qaraciyər xərçəngi kimi ortaya çıxa bilər.
Bu zaman artıq aşağıdakı simptomlar da özünü göstərir:
• Həddindən artıq yorğunluq
• İştahsızlıq
• Göz ağlarının saralması
• Çəki itirmək
• Qarında şişkinlik (qarın boşluğunda suyun yığılması səbəbindən)
• Ayaqlarda şişmə
• Qanaxmanın dayandırılmasında çətinlik
• Qan qusmaq
• Baş və bədən ağrıları
• Ürəkbulanma və ya qusma
• İshal
• Tünd rəngli sidik
• Açıq rəngli nəcislər
• Asan qanaxma və göyərmə
7. Hepatit B növləri nələrdir?
Hepatit B xəstəliyinin kəskin və xroniki olaraq iki növü var.
Kəskin hepatit B infeksiyaya məruz qaldıqdan sonra ilk 6 ay ərzində baş verən və aşağıdakı şikayətlərə səbəb olan qısamüddətli xəstəlikdir və müşayiət olunur:
• Qızdırma, yorğunluq, iştahsızlıq, ürəkbulanma və ya qusma ilə
• Sarılıqla (sarı dəri və ya göz rəngi, tünd sidik, gil rəngli nəcis)
• Əzələ, oynaq və mədə ağrıları ilə.
Kəskin hepatit B üçün xüsusi müalicə yoxdur. Yataq istirahəti və kifayət qədər maye və qida qəbulu tövsiyə olunur. Ancaq ümumi sağlamlığı ciddi şəkildə pozulmuş insanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər.
Hepatit B infeksiyası 6 aydan çox davam edərsə, yəni insanın immun sistemi xəstəliyə qarşı anticisimlər istehsal edə bilmirsə, buna xroniki hepatit B xəstəliyi deyilir. Xroniki hepatit B uzun müddət (20-30 ilə qədər) heç bir simptom göstərməyə bilər, amma xəstəliyin qaraciyərə mənfi təsiri davam edir.
Xroniki hepatit B xəstələrinin 15-25 faizində müəyyən müddətdən sonra sirroz (qaraciyər funksiyalarının pisləşməsinə və qaraciyər çatışmazlığına səbəb olan xəstəlik) və ya qaraciyər xərçəngi kimi ciddi xəstəliklər yaranır. Qaraciyər xəstəliyinin inkişaf etdiyi bəzi insanlarda heç bir əlamət olmaya bilər.
Xroniki hepatit B, adətən, virusu nəzarət altında saxlamaq üçün dərmanlarla müalicə olunur. Dərman müalicəsinin məqsədi hepatit B virusunun yayılmasını və bununla da virusun qaraciyərə zərərli təsirini minimuma endirməkdir.
Bu iki növə əlavə olaraq, virusa yoluxmuş bəzi şəxslərdə virus xəstəlik əlaməti göstərmədən bədəndə qala bilər və ya xəstəlik baş verib sağaldıqdan sonra da orqanizmdən təmizlənməyə bilər. Bu xəstələr heç bir simptom və şikayəti olmayan daşıyıcılardır. Buna görə də xəstəliyin yoluxuculuğu davam edir və bu daşıyıcılar virusu digər insanlara ötürə bilirlər.
ÜST-ə görə, hepatit B virusu xarici mühitdə bir həftə yaşaya bilir və Hepatit C-dən 10 dəfə, HİV-dən isə 100 dəfə daha yoluxucudur.
8. Hepatit B-ni hansı testlər təyin edir?
Hepatit B xəstələrinin diaqnozu və monitorinqi üçün müxtəlif qan testləri mövcuddur. Bəzi laboratoriya testləri kəskin və xroniki infeksiyaları ayırd etmək üçün istifadə edilir, digərləri isə qaraciyər xəstəliyinin şiddətini ölçməyə kömək edir.
HBsAG testi insanlarda hepatit B virusunun olub-olmadığını öyrənmək üçün edilən testdir. Bu testin nəticəsinin “müsbət” və ya “reaktiv” olaraq çıxması qanda hepatit B virusunun olması deməkdir. Xəstəliyin xroniki olub-olmadığını müəyyən etmək üçün 6 aydan sonra təkrar test tələb olunur.
Anti-HBS testi şəxsin daha əvvəl hepatit B virusuna məruz qalıb-qalmadığını və ya peyvənd olubsa, virusa qarşı immunitet yaradıb-yaratmadığını müəyyən edir. Hepatit-B virusuna qarşı immuniteti olan şəxsin anti-HBS testi müsbət və yüksək olacaq.
9. Hepatit B-dən qorunmağın yolları hansılardır?
ÜST bildirir ki, hepatit B-dən qorunmağın ən təsirli yolu peyvənd olunmaqdır. ÜST-ə görə, hepatit B peyvəndi təhlükəsiz və effektivdir və 95 faizdən çox qorunma təmin edir.
Hepatit B doğuş zamanı anadan uşağa keçdiyi üçün körpələr doğuşdan sonra ilk 12 saat ərzində hepatit B-yə qarşı HepB peyvəndi almalıdırlar.
Azərbaycan Səhiyyə Nazirliyinin peyvənd təqviminə əsasən, hepatit B-yə qarşı HepB-nin ilk dozası körpələrə doğuşdan sonra ilk 12 saat ərzində verilir. Digər üç doza isə körpənin 2-ci, 3-cü və 4-cü aylarında kombinə olunmuş peyvəndlərlə birlikdə vurulur.
ÜST bildirir ki, peyvənd hepatit B xəstəliyinə qarşı ən azı 20 il və ya ömürlük qorunma təmin edir.
Bununla belə, yüksək risk qrupunda olan insanlar əvvəllər peyvənd edilmiş olsalar da, Anti-HBS testi ilə anticisimlərin səviyyəsi qoruyucu səviyyədə deyilsə, peyvəndin gücləndirici dozasının verilməsi tövsiyə olunur.
Mütəxəssislər aşağıdakı əhali qrupunun hepatit B virusuna qarşı peyvənd olmasını tövsiyə edirlər:
- Körpələr
- 19 yaşdan aşağı olan bütün uşaqlar (əgər əvvəl vaksinasiya olunmayıblarsa)
- Çoxsaylı cinsi partnyorları olan şəxslər (qadın və kişilər)
- HBsAg pozitiv olan şəxslərin cinsi partnyorları
- Cinsi yolla keçən xəstəliklərə dair müalicə alan və ya yoxlanma üçün müraciət edən şəxslər
- İnyeksion narkotiklərin istifadəçiləri
- HBsAg pozitiv olan şəxslərin ailə üvləri
- Səhiyyə işçiləri və qan məhsulları ilə təmasda olan şəxslər
- Son mərhələdə olan xroniki böyrək xəstəliyi olanlar, o cümlədən hemodializ, peritoneal dializ və evə dializ olunan xəstələr və həmçinin yaxınlarda dializə ehtiyacı yaranacaq xəstələr
- Əqli və ya fiziki cəhətdən əlilliyi olan şəxslər üçün müəssisələrdə yaşayan xəstələr
- Hepatit B infeksiyasının geniş yayıldığı ölkələrə səyahət edən şəxslər
- Xroniki qaraciyər xəstəliyi olanlar
- HİV infeksiyası olan xəstələr
- Yaşı 19-59 arası olan diabetli xəstələr
- Hepatit B-yə qarşı peyvənd olunmaq istəyən şəxslər (bu hallarda spesifik risk faktorun təyin edilməsinə ehtiyac yoxdur).
10. Hepatit C nədir ?
Hepatit C xüsusilə qaraciyərə təsir edən bir infeksiyadır. Xəstəliyə qan yolu ilə bulaşan hepatit C virusu (HCV) səbəb olur. Hepatit C-nin, adətən, heç bir əlaməti yoxdur, lakin xroniki infeksiya qaraciyərdə çapıqlara və uzun illərdən sonra sirroza səbəb ola bilər. İnfeksiya, həmçinin yemək borusu və mədədəki damarların həddindən artıq şişməsinə səbəb ola bilər ki, bu da bəzi hallarda qaraciyər çatışmazlığına, qaraciyər xərçənginə və ya sirrozlu xəstələrdə ölümcül qanaxmaya səbəb ola bilər.
Hepatit C virusu qanla ötürülən bir virusdur və infeksiyaların çoxu təhlükəli inyeksiya təcrübələri, təhlükəli sağlamlıq xidməti, yoxlanılmamış qanköçürmə, inyeksiya narkotik istifadəsi nəticəsində baş verir.
Hepatit C-nin cinsi yolla ötürülmə ehtimalı az olsa da, cinsi əlaqə zamanı qanaxma ötürülmə səbəbi ola bilər.
Hepatit C-li bir şəxslə qucaqlaşmaq və öpüşmək, yemək, içkiləri paylaşmaq və ya eyni mühitdə olmaq yolu ilə bulaşma riski yoxdur.
Hepatit C tualetdən və ya hovuzdan keçmir, o cümlədən ağcaqanad dişləmələri bu virusa yoluxdurmur.
Hepatit C daşıyan hamilə qadınlarda virusun körpəyə keçmə riskinin 10 faizdən az olduğu təxmin edilsə də, bu yoluxmanın hamiləliyin hansı mərhələsində baş verdiyi hələ dəqiq müəyyən edilməyib.
Hepatit C daşıyan ananın körpəsini əmizdirdiyi zaman müəyyən edilmiş risk yoxdur. Ancaq döşün ucunda çatlar və ya qanaxma kimi hallarda və ya ananın virus yükü çox olduqda, ana südü kəsilə bilər.
ÜST hazırda hepatit C-yə qarşı effektiv peyvənd olmadığını, ancaq antiviral dərmanlarla xəstəliyin müalicə edilə biləcəyini qeyd edir.
Xəstəliyin erkən aşkarlanması və müalicəsi ciddi qaraciyər zədələnməsinin qarşısını alıb, uzunmüddətli sağlamlığı yaxşılaşdıra bilər.
İstinad: bbc.com