Kanadada yaşayan 26 yaşlı Şennin Peyn uzun müddət düzgün diaqnoz qoyulmadığı üçün bağırsaq xərçənginin son mərhələsində olduğunu öyrənib.
E-saglam.az xəbər verir ki, onun hekayəsini "Daily Mirror" nəşri yayımlayıb.
Gənc qadın 2023-cü ildən bəri yeməkdən sonra ürəkbulanma və qarın ağrısı kimi şikayətlərlə həkimlərə müraciət etdiyini bildirib. Lakin yaşının gənc olması səbəbilə həkimlər onun xərçəng ola biləcəyini ehtimal etməyiblər. Əvvəlcə bağırsaq iltihabı, daha sonra isə Kron xəstəliyi, laktoza dözümsüzlüyü və hemoroid kimi fərqli diaqnozlar qoyulub.
Yalnız 2024-cü ilin aprelində aparılan kolonoskopiya nəticəsində bağırsaqlarında şiş aşkarlanıb. Əməliyyat zamanı məlum olub ki, xərçəng artıq peritonun bir hissəsinə, limfa düyünlərinə, qaraciyərə və sağ yumurtalığa yayılıb. Şenninə dördüncü mərhələ xərçəng diaqnozu qoyulub. Ona bildirilib ki, əgər kimyaterapiyanı qəbul etməsə, ömrü üç ay, qəbul edərsə, üç il ola bilər.
Şennin qeyd edib ki, diaqnoz onu şoka salıb, lakin müalicəyə başlamağa qərar verib. Hal-hazırda şişlərin yayılmasının qarşısını alıb və xəstəliyin sabitləşdiyini bildirib. O, eyni zamanda sosial şəbəkələrdə yaşadıqlarını bölüşərək insanlara "xərçəngin yaşı olmur" mesajını verməyə çalışır. Hədəfi yeni eksperimental müalicə üsulları tapmaq və başqalarına ümid verməkdir.
Tərcümə: Könül Oruc