SM-Clinic tibb mərkəzinin qastroenteroloqu Yevgeniya Melnikova bildirib ki, yay aylarında mədə-bağırsaq xəstəlikləri xüsusilə açıq havada keçirilən istirahətlər zamanı kəskinləşə bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, manqal süfrələri adətən qızardılmış donuz və ya quzu əti ilə müşayiət olunduğuna görə, bu cür qidalar mədə hərəkətliliyini azaldır, qastriti kəskinləşdirir və pankreatit riskini artırır.
Melnikova əlavə edib ki, ət yeməklərinə əlavə edilən müxtəlif ədviyyatlar, hisə verilmiş məhsullar, marinadlar, krutonlar və çipslər də mədə-bağırsaq sisteminə zərər verir. Bundan başqa, insanlar pikniklərdə çox yeməyə meyilli olur, bu da mədənin həddindən artıq genişlənməsinə, ağrıların yaranmasına və iltihabi proseslərin artmasına səbəb olur.
Qastroenteroloq həmçinin xəbərdarlıq edib ki, pikniklərin ayrılmaz hissəsi olan spirtli içkilər də pankreatit riskini yüksəldir. Onun sözlərinə görə, xroniki pankreatit üçün gündə 60-80 millilitr saf etil spirti kifayətdir. Spirtli içkilər həmçinin mədənin selikli qişasını zədələyir, qan dövranını pozur və toxuma zədələnməsinə yol açır.
Tərcümə: Könül Oruc