Yandex watch
Həkim infarkt keçirən xəstəsini müalicə edərkən

Kanadanın Timmins və Region Xəstəxanasında (TADH) çalışan təcili tibbi yardım həkimi Kris Loreto infarkt keçirən bir xəstəni müalicə edərkən özündə də eyni simptomları hiss edib. O, aylardır idman zamanı sinəsində ağrı hiss etsə də, bunu sadəcə turşu reflüsu ilə əlaqələndirərək ciddiyə almamışdı. Lakin istifadə etdiyi dərmanlar da vəziyyətini yaxşılaşdırmayıb.

Emlakbazari.az

E-saglam.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 12 noyabrda bir xokkey oyunu zamanı ağrıları daha da şiddətlənən Loreto ertəsi gün işinə davam edib. O gün ağır infarkt keçirən bir xəstəni müalicə edərkən xəstənin həyat yoldaşı ilə söhbət zamanı özündə də eyni əlamətlərin olduğunu fərq edib. Maraqlıdır ki, müalicə etdiyi xəstə də reflü üçün dərman qəbul edib. Bu məqamda Loreto baş verənləri anlayıb: Həm xəstə, həm də o özü infarkt keçirib.

"Onun hekayəsi mənim hekayəm idi" deyən Loreto dərhal öz sağlamlıq vəziyyətini yoxlatdırıb. Aparılan qan analizləri və elektrokardioqram onun da infarkt keçirdiyini təsdiqləyib. Hazırda Loreto tibbi məzuniyyətdədir və damarlarına stent yerləşdirilərək qan axınının bərpa olunmasını nəzərdə tutan reabilitasiya proqramına davam edir.

Timmins və Region Xəstəxanası bu hadisəni 2025-ci ilin "Ürək ayı" çərçivəsində ictimaiyyətlə bölüşərək ürək-damar sağlamlığına dair maarifləndirməni artırmağı hədəfləyib. Ürək-damar xəstəlikləri hər il dünya üzrə təxminən 18 milyon insanın həyatına son qoyaraq ölüm səbəbləri arasında ön sırada yer alır.

Ürək tutması, tibbi adı ilə miokard infarktı, ürəyə qan axınının kəsilməsi və oksigen çatışmazlığı nəticəsində meydana gəlir. Bu hal, ürək əzələsinin hüceyrələrinə zərər verərək qalıcı fəsadlara və hətta ölümə səbəb ola bilər. Hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi infarkt riskini artıran əsas amillər sırasındadır. Bununla yanaşı, genetik meyillilik və hava çirkliliyi kimi ətraf mühit faktorları da ürək sağlamlığına mənfi təsir göstərir. Məsələn, Dr. Loretonun atası da eyni yaşlarda infarkt keçirmişdi.

Alimlər infarktın qarşısını almağın üsullarını və infarkt sonrası ürəyin necə bərpa oluna biləcəyini araşdırmağa davam edirlər. Hətta bəzi tədqiqatlar infarktların daha çox hansı günlərdə baş verdiyini belə müəyyən edib.

Dr. Loreto mütəmadi idman etməyin ürəyini gücləndirdiyini və daha ciddi fəsadlardan qorunmasına kömək etdiyini bildirir. Bununla belə, infarktlar həmişə əvvəlcədən xəbərdarlıq etməyə bilər. Bəzi hallarda sinə və ya çiyin ağrısı olmadan qəfil baş verə bilər. Bu səbəbdən ürəkbulanma, nəfəs darlığı kimi əlamətlərə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.

Öz sağlamlığını kifayət qədər önəm vermədiyini etiraf edən Loreto Timmins və Region Xəstəxanasının təcili yardım şöbəsində 30 il işlədikdən sonra "özünü gülləkeçirməz hiss etdiyini" və xəstələrinin sağlamlığını özünkündən üstün tutduğunu bildirib. "Başqalarına qayğı göstərməkdə mükəmməlik, amma özümüzə baxmaqda bərbadıq" deyərək vəziyyəti bir cümlə ilə izah edib.

E-saglam.az