Endokrinoloq Maksim Kuznetsov paketlərdə satılan hazır yulaf əzməsinin digər yulaf növləri ilə müqayisədə daha az doyurucu olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, həkim bu barədə sosial şəbəkədə paylaşdığı videoda danışıb.
Mütəxəssisin sözlərinə görə, tez hazırlanan yulaf əzməsi sürətlə həzm olunur və uzun müddət toxluq hissi yaratmır. Buna görə də səhər yeməyindən qısa müddət sonra insan yenidən aclıq hiss edə bilər.
Kuznetsov eyni fikri manna sıyığı ilə bağlı da səsləndirib. Onun sözlərinə görə, bu sıyıq da asanlıqla həzm olunur və uzunmüddətli toxluq hissi yaratmır. Bununla belə, həkim ara-sıra hazır yulaf əzməsi yeməyin qadağan olmadığını, sadəcə arıqlamaq və daha uzun müddət tox qalmaq istəyənlər üçün ən yaxşı seçim olmadığını vurğulayıb.
Endokrinoloq səhər yeməyi üçün daha iri yulaf lopalarına üstünlük verməyi tövsiyə edib. Onları ən azı 10 dəqiqə, ideal olaraq isə 20–30 dəqiqə bişirmək məsləhətdir.
Sıyığı daha qidalı və doyurucu etmək üçün ona yumurta kimi zülal mənbəyi, giləmeyvə və digər liflə zəngin məhsullar əlavə etmək olar.
Tərcümə: Könül Oruc