Sağlamlıq
Həkim 21-ci əsrdə sağlamlıq problemlərinin
Sağlamlıq
7

Həkim 21-ci əsrdə sağlamlıq problemlərinin əsas səbəblərindən danışdı

Piroqov Universitetinin Topoqrafik Anatomiya və Operativ Cərrahiyyə kafedrasının dosenti Aleksey Reşetun bildirib ki, 21-ci əsrdə insanların sağlamlığını məhv edən əsas səbəblər əslində 20-ci əsrdən miras qalıb, sadəcə yeni formalar alıb

E-saglam.az xəbər verir ki, o, müasir dövrdə sağlamlığa ən ciddi zərbə vuran faktorları sadalayıb.

Həkimin sözlərinə görə, düzgün olmayan qidalanma hələ də əsas problemlərdən biridir. Şəkərli və yağlı qidaların həddindən artıq qəbulu alkoqol, narkotik və nikotin kimi zərərli vərdişlərlə birləşərək orqanizmi sürətlə zəiflədir. Bu gün isə bunlara elektron siqaretlər, enerji içkiləri, sintetik narkotiklər və fiziki hərəkətsizlik də əlavə olunub.

Reşetun vurğulayıb ki, oturaq həyat tərzi maddələr mübadiləsinin pozulmasına, piylənməyə, ateroskleroza və oynaq xəstəliklərinə gətirib çıxarır. Onun fikrincə, müasir insan əvvəlki nəsillərlə müqayisədə daha tez zəifləyir və xəstəliklərə daha asan məruz qalır.

Həkim qeyd edib ki, uzun illər siqaret çəkən insanlarda bədəndə ciddi və geri dönməz dəyişikliklər baş verir. Xüsusilə qan damarları, ürək və tənəffüs sistemi bundan ağır zərər görür. Söhbət yalnız “qara ağciyərlər”dən getmir, həm də xroniki obstruktiv ağciyər xəstəliyi, amfizem və müxtəlif dəri problemləri yaranır.

Onun sözlərinə görə, nikotinin kompleks və dağıdıcı təsiri illər keçdikcə daha aydın şəkildə üzə çıxır. Belə bir sağlamlıq tarixçəsi ilə xərçəng və ya ürək-damar xəstəlikləri olmadan qocalığa çatmaq çox nadir hallarda mümkün olur, çünki orqanizmdə geri dönməz dəyişikliklər daha erkən mərhələdə başlayır.

Reşetun yekun olaraq bildirib ki, sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq 21-ci əsrdə sağlam qalmağın ən əsas şərtləridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun